Xəbər verdiyimiz kimi, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən “Arzum 999” ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Məlumata görə, Xəzər Rayon Məhkəməsində elan olunan hökmə əsasən, İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Məhkəmə hökm çıxarıldıqdan sonra təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib və o, məhkəmə zalındaca həbs olunub.
Cinayət işi üzrə materiallara əsasən, qəza 2025-ci ilin iyun ayında Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Yol-nəqliyyat hadisəsi nəticəsində qarşı avtomobildə olan bir nəfər həyatını itirib, digər şəxs isə ağır bədən xəsarətləri alıb.
İstintaq dövründə İlduzə Hacıyevanın barəsində həbs yox, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdi.
İttihama görə, tiktokerə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 264-cü maddəsi (yol-nəqliyyat hadisəsi yerindən qaçma) ilə ittiham irəli sürülmüşdü.
Məhkəmə araşdırmasının yekununda təqsirləndirilən şəxs qeyd olunan maddələr üzrə təqsirli bilinərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan olunduqdan sonra o, məhkəmə zalında nəzarətə götürülərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Musavat.com xəbər verir ki, tanınmış vəkil Əkrəm Həsənov “Arzum 999” ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevaya çıxarılan hökmü tənqid edib. O, sosial şəbəkədə paylaşdığı fikirlərdə məhkəmə qərarının hüquqi əsasları ilə bağlı suallar qaldırıb.
Vəkilin sözlərinə görə, o, yol hərəkəti qaydaları üzrə mütəxəssis olmasa da, işin açıqlanan halları əsasında İlduzə Hacıyevanın qəzanın baş verməsində təqsirinin nədən ibarət olduğunu anlaya bilmədiyini bildirib.
Əkrəm Həsənov qeyd edib ki, yayılan məlumatlara əsasən, qəza digər avtomobilin yüksək sürətlə arxadan gələrək İlduzə Hacıyevanın idarə etdiyi avtomobilə çırpılması nəticəsində baş verib. Onun fikrincə, İlduzə Hacıyevanın hadisə yerini tərk etməsi ayrıca qiymətləndirilə bilər, lakin Cinayət Məcəlləsinin 264-cü maddəsi yalnız yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxslərə şamil edilir.
Vəkil əlavə edib ki, hətta İlduzə Hacıyevanın müəyyən dərəcədə təqsiri olduğu fərz edilsə belə, digər sürücünün mümkün təqsiri daha ağır görünür və bu halda verilən 5 il 2 aylıq həbs cəzası suallar doğurur.
Əkrəm Həsənov müqayisə üçün 2017-ci ildə baş vermiş, keçmiş baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin iştirakı ilə törədilmiş ağır yol-nəqliyyat hadisəsini xatırladıb. O bildirib ki, həmin qəza nəticəsində iki nəfər həlak olmuş, iki nəfər xəsarət almış, təqsirləndirilən şəxs isə hadisə yerini tərk etmişdi. Buna baxmayaraq, Nail Allahverdiyev 5 il müddətinə azadlıqdan məhrum edilmiş və cəzanın təxminən iki ilini çəkdikdən sonra azadlığa buraxılmışdı.
Vəkil bu iki işi müqayisə edərək belə sual ünvanlayıb: “İlduzə Hacıyeva aşağı sürətlə hərəkətdə olub, onu arxadan yüksək sürətlə vurublar, nəticədə vuran avtomobildə bir nəfər ölüb, biri yaralanıb və o, 5 il 2 ay azadlıqdan məhrum edilir. Nail Allahverdiyev isə özü yüksək sürətlə hərəkət edərək iki nəfərin ölümünə, iki nəfərin yaralanmasına səbəb olub, hadisə yerindən qaçıb, amma 5 il cəza alaraq iki ildən sonra azadlığa çıxıb. Belə də ədalət olar?”
Musavat.com

