Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə yeni islahatlar paketi üzərində iş aparılır. Sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketinin hazırlanması barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məlumat verib.
Editor.az-ın APA-ya istinadən xəbərinə görə, nazir bu barədə Xankəndidə təşkil olunan “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” adlı beynəlxalq forumda çıxışı zamanı danışıb.
Anar Əliyevin sözlərinə görə, 2018-ci ildən indiyədək Azərbaycanda beş sosial islahat paketi həyata keçirilib. Bu tədbirlərin icrası üçün illik əlavə maliyyələşmənin həcmi 8 milyard manata çatıb.
Nazir çıxışında Vətən müharibəsində əldə edilmiş Zəfərin altıncı ildönümü ərəfəsində şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən sosial dəstəyin əhəmiyyətinə də toxunub.
O, beynəlxalq forumun Xankəndidə keçirilməsinin xüsusi məna daşıdığını bildirib. Qeyd olunub ki, tədbir işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin, yeni həyat modelinin və ağıllı şəhər konsepsiyasının təqdim edilməsi baxımından əhəmiyyətlidir.
Çıxış zamanı sosial xidmətlərin rəqəmsallaşdırılması, əlilliyin qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və inzibati prosedurların avtomatlaşdırılması istiqamətində görülən işlər də diqqətə çatdırılıb.
Bildirilib ki, DOST mərkəzlərində təqdim olunan xidmətlərin 90 faizdən çoxu elektron formaya keçirilib. Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən yeniliklər beynəlxalq səviyyədə də qiymətləndirilib və əldə olunan nəticələr 300-dən çox beynəlxalq mükafat və sertifikatla təltif olunub.
Qeyd edək ki, yeni sosial islahat paketinin hazırlanması barədə məlumat verilsə də, pensiya, müavinət və digər sosial ödənişlər üzrə konkret artım məbləğləri, əhatə olunacaq şəxslər və tətbiq tarixləri açıqlanmayıb.

