Çinin Tibet bölgəsində baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində azı 16 nəfər həyatını itirib, 54 nəfər yaralanıb. Güclü yeraltı təkanlar Naqçu şəhərinin şimalında və ətraf ərazilərdə ciddi dağıntılara səbəb olub. Bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Editor.az-ın Euronews-a istinadən aldığı məlumata görə, ABŞ Geoloji Xidmətinin qeydlərində zəlzələnin yerli vaxtla cümə axşamı saat 22:33-də baş verdiyi göstərilir. Zəlzələnin episentri Tibetin şimalında, əhalinin seyrək məskunlaşdığı dağlıq ərazidə, Naqçu şəhərindən 191 kilometr şərq-şimal-şərqdə qeydə alınıb.
Çinin dövlət televiziyası CCTV hadisənin bölgədə son beş il ərzində qeydə alınan ən güclü zəlzələ olduğunu bildirib.
Naqçu Media Ofisinin açıqlamasına əsasən, təbii fəlakət nəticəsində azı 339 ev və heyvanlar üçün nəzərdə tutulmuş 20 sığınacaq dağılıb.
Çin Prezidenti Si Cinpin zəlzələdən zərər çəkən ərazilərdə axtarış-xilasetmə tədbirlərinin sürətləndirilməsi, tibbi xidmətlərin göstərilməsi və bütün zəruri imkanların səfərbər olunması barədə göstəriş verib.
Bölgədə görülən işlərə 1 600-dən çox əməkdaş cəlb edilib. Zərərçəkənlərin müvəqqəti yerləşdirilməsi üçün əraziyə 1 000 prefabrik yaşayış evi, 3 000 çadır, qatlanan çarpayılar, fənərlər, qış geyimləri və digər zəruri ləvazimatlar göndərilib.
Yeni təkanlar və nəqliyyat problemləri
ABŞ Geoloji Xidməti əsas zəlzələdən sonra maqnitudası 4,3–5,2 arasında dəyişən azı yeddi afterşok qeydə alıb. Məlumata görə, təkrar təkanların hamısı təxminən 10 kilometr dərinlikdə baş verib. Əsas zəlzələnin dərinliyi isə 18 kilometr olub.
Yeraltı təkanların yaratdığı qaya uçqunları nəticəsində 317 nömrəli dövlət avtomobil yolunun bir hissəsində hərəkət dayandırılıb. Dağıntıların təmizlənməsi davam etdiyi üçün yoldan hazırda yalnız təcili yardım, xilasetmə və rəsmi xidmət avtomobillərinin istifadəsinə icazə verilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində zəlzələdən təsirlənən marşrutlar üzrə bəzi qatarların hərəkəti də müvəqqəti dayandırılıb.
Çinin rəsmi Sinxua xəbər agentliyi zəlzələnin təsirinə məruz qalan bəzi yaşayış məntəqələrində rabitənin kəsildiyini bildirib.
Vəziyyəti çətinləşdirə biləcək digər amil isə hava şəraitidir. Proqnozlara əsasən, zəlzələ bölgəsində qarşıdakı üç gün ərzində fasilələrlə qar yağacağı gözlənilir. Bu vəziyyət dağıntılar altında qalan insanların axtarışını və xilasetmə işlərini çətinləşdirə bilər.
Tibetin paytaxtı Lhasadan 300 kilometrdən çox şimalda yerləşən Naqçu zəlzələdən zərər çəkən ərazilər sırasındadır. Bölgədə dağıntıların miqyasının və fəlakətin nəticələrinin dəqiqləşdirilməsi istiqamətində işlər davam edir.
\\ Aydan Bünyatova, Editor.az

