ABŞ Prezidenti Donald Tramp İranı noyabrda keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində neft qiymətlərinin yüksəlməsinə çalışmaqda ittiham edib. O, Tehranın Hörmüz boğazındakı hücumlar, dəniz minaları və digər hadisələrlə bağlı saxta məlumatlar yaydığını iddia edib.
Sputnik Türkiyənin məlumatına görə, Tramp sosial şəbəkədəki paylaşımında İranın enerji bazarındakı vəziyyətə təsir göstərməyə çalışdığını bildirib. Onun sözlərinə görə, Tehran ABŞ-da keçiriləcək aralıq seçkilər ərəfəsində neft qiymətlərinin artmasında maraqlıdır.
ABŞ prezidenti Hörmüz boğazından keçən neftin həcminə də toxunaraq, hazırda bu marşrutla daşınan neftin miqdarının hərbi qarşıdurma başlamazdan əvvəlki dövrlə müqayisədə daha çox olduğunu iddia edib.
“İran ABŞ-da keçiriləcək aralıq seçkilər öncəsi neft qiymətlərini yüksəltmək üçün əlindən gələni edir. Hətta saxta hücumlar, minalar və digər hadisələr uydururlar. Halbuki hazırda Hörmüz boğazından münaqişə başlamazdan əvvəlki dövrlə müqayisədə daha çox neft keçir”, – Tramp paylaşımında yazıb.
Tramp paylaşımında İran hakimiyyətini etirazçılara qarşı zorakılıqda da ittiham edib. O, yeddi aydan az müddətdə 75 min etirazçının həyatını itirdiyini iddia edib. Bununla belə, bu rəqəm müstəqil mənbələr əsasında təsdiqlənməyib.
ABŞ prezidenti, həmçinin İranın nüvə silahına malik olmamalı olduğunu vurğulayaraq, Tehranın belə silah əldə etməsinə heç vaxt imkan verilməyəcəyini bildirib.
Qeyd edək ki, ABŞ-da Konqresə aralıq seçkilərin 3 noyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılır. Seçkilər ərəfəsində enerji qiymətləri, yanacaq bazarındakı vəziyyət və Yaxın Şərqdəki gərginlik ABŞ-ın siyasi gündəmində mühüm məsələlər olaraq qalır.
//Gülnarə Abasova, Editor.az

