İrəvandan YENİ hiylə – Bakı TƏLƏYƏ salınır?backend

İrəvandan YENİ hiylə – Bakı TƏLƏYƏ salınır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüksək çinli erməni rəsmilərinin Azərbaycanla sülh müqaviləsi məsələsində nala-mıxa vurması davam edir. Paralel surətdə ölkənin silahlanması və bahalı hərbi texnikanın alınması yönündə fəaliyyət artmaqdadır. Bunun bir sübutu da gələn il üçün Ermənistanın özünə rekord həcmdə hərbi büdcə müəyyən eləməyə hazırlaşmasıdır. Ölkə rəhbərliyinin bu fonda verdiyi sülh bəyanatları əlbəttə ki, suallar doğurur və doğuracaq.

“Azərbaycan Ermənistan konstitusiyasında dəyişikliklər tələb etmir, sülh müqaviləsinin imzalanması üçün ilkin şərt qoyur”.

Bunu Ermənistanın Xarici İşlər və Beynəlxalq Ticarət naziri Ararat Mirzəyan ölkəsi ilə ABŞ arasında imzalanmış “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” (TRIPP) layihəsi çərçivəsində Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişinin parlamentdə ratifikasiyası zamanı bildirib.

Nazir daha sonra “tələb” və “ilkin şərt” anlayışlaırnı ayırd etməyin vacibliyinə diqqət çəkərək deyib: “Bəli, Azərbaycan Ermənistan konstitusiyasında dəyişiklik məsələsini qaldırmağa davam edir. Azərbaycan deyir ki, “mən sülh sazişini parafladım, amma sizin konstitusiyanız dəyişdirilənə qədər onu imzalamayacağam”. Biz cavab veririk ki, “konstitusiyamızda narahatlıq yarada biləcək heç bir şey yoxdur””.

Mirzəyan ardınca İrəvanın bu məsələdə Bakının yanaşmasını bölüşmədiyini deyib. “Azərbaycan da öz növbəsində deyir ki, “yaxşı, biz də sizin yanaşmanızı bölüşmürük””, – nazir vurğulayıb və əlavə edib ki, “Ermənistan sülh müqaviləsinin imzalanması üçün yer və vaxtı ən qısa müddətdə müəyyən etməyə hazırdır”.

Yəni, Bakıya təklif edilir ki, sülh sənədi konstitusiya dəyişdirilmədən də, ən qısa zamanda imzalana bilər.

Buna deyərlər, sözün başına ip salıb fırlatmaq. Necə yəni, “Ermənistan konstitusiyasında narahatlıq yarada biləcək heç bir şey yoxdur”? Yoxdursa, sülh anlaşması 6 ildir niyə gecikir?..

Attachment

XİN başçısının bu ritorikası şəkk-şübhəsiz, Baş nazir Nikol Paşinyanın 2031-ci il söhbətindən qaynaqlanır (Doğrudur, bu gün Paşinyan tarixi bir az qabağa çəkib və 2027-2028-ci ildən danışıb). Başqa sözlə, bizi inandırmağa çalışırlar ki, Bakının şərti əsasında sənədin imzalanması uzun çəkəcək proses olduğundan, konstitusiya dəyişikliyinə (referenduma) getmədən də sülh anlaşması reallaşa bilər.

Əlbəttə ki, Azərbaycan buna razılaşmayacaq. Dəfələrlə bəyan edildiyi kimi, çünki biz əsla keçmiş problemin hansısa şəkildə konservasiya edilərək, gələcək nəsillərə saxlanılmasını istəmirik. Bu səbəbdən sülh sazişini Paşinyan hakimiyyəti ilə deyil, erməni xalqı ilə bağlamağı üstün tuturuq. Elə bir sənəd ki, Ermənistandakı bütün hakimiyyətlər və zamanlar üçün legitim sayılsın və heç bir qüvvə onun təftişinə cəhd eləməsin. Bir növ Qars Müqaviləsi kimi…

Əslində, ağılları çatsa, anlayarlar ki, sülh müqaviləsinin imzalanması ən çox onlara lazımdır, nədən ki, bunu həm də erməni cəmiyyətinin mənafeyi diktə edir. Çünki o halda toplumun radikal-revanşist qüvvələrin, erməni kilsəsi və lobbisinin əlində alət olmaqdan canı qurtaracaq. Xeyli dərəcədə öz taleyinin yiyəsi olacaq.

Öz taleyinə sahib çıxan xalq isə heç vaxt qonşu xalqlara problem yaratmır, müharibə səbəbkarına çevrilmir. Eyni zamanda, başı dinc olur. Zira, qonşularla qaynayıb-qarışır, qarşılıqlı iqtisadi-ticari əlaqələr içində olur. Bölgədə daimi sülhün əsas şərti olan gediş-gəliş, inteqrasiya, etimad mühiti bərqərar olur…

//Musavat.com