Fransa Prezidenti Emmanuel Makron ölkə daxilində siyasi gərginliyin artdığı bir vaxtda Fars körfəzi ölkələrinə etdiyi səfərə görə tənqidlərlə üzləşib.
Editor.az xəbər verir ki Le Monde qəzetinin məlumatına görə, Makronun üçgünlük səfəri Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanını əhatə edir.
Fransada oktyabrın 17-də keçirilən nümayişlər zamanı baş verən zorakılıq hadisələri və iqtisadi narazılıqlar siyasi müzakirələri gücləndirib. Keçmiş prezident Fransua Olland və sabiq baş nazir Eduar Filip də daxil olmaqla bəzi siyasətçilər Makronu ölkədəki vəziyyətə lazımi diqqət ayırmamaqda ittiham ediblər.
Makron isə səfərin Fransanın beynəlxalq mövqeləri və enerji təhlükəsizliyi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Məlumata əsasən, Paris Körfəz ölkələri ilə dizel yanacağı və mayeləşdirilmiş təbii qaz tədarükünün artırılması barədə razılaşmalar üzərində işləyir.
Planlara aylıq 300 min ton dizel yanacağı və Qətərdən iki teravatt-saat həcmində mayeləşdirilmiş təbii qaz tədarükü daxildir.
Bu səfər Fransanın enerji təminatını möhkəmləndirmək və Yaxın Şərqdə diplomatik əlaqələrini genişləndirmək cəhdi kimi qiymətləndirilir. Bununla yanaşı, Makronun ölkə daxilindəki böhran zamanı xarici siyasətə üstünlük verməsi Fransada siyasi mübahisələrin davam etməsinə səbəb olur..
// Samir Qurbanov, Editor.az

