“Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri başa çatıb. “Həzi Aslanov-Əhmədli” mənzilində məkik hərəkət yaxın günlərdə ləğv ediləcək
Editor.az xəbər verir ki, bu sözləri Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.
O bildirib ki, “İçərişəhər–Həzi Aslanov” sahəsində qatarların hərəkəti təmirdən əvvəlki qaydada bərpa ediləcək:
“Beləliklə, Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edəcək.
1981–1987-ci illərdə inşası aparılan yol dalanının konstruksiya izolyasiyası 20 ildən artıq istismar dövründə qrunt suları və torpaq erroziyası səbəbindən sıradan çıxmış, güclü korroziyaya uğramışdı.
Aparılan kompleks yenidənqurma çərçivəsində tavan istisna olmaqla, ümumi uzunluğu 1 km-ə yaxın olan dalanın bütün infrastrukturu tam sökülərək yenidən inşa edilib. 6 vaqonlu qatarların qəbulunu təmin etmək üçün hər yol 20 metr uzadılıb.
Həyata keçirilən bu layihə metropolitenin mühüm istismar sahəsini texniki cəhətdən müasirləşdirməyə, sərnişindaşımanın keyfiyyətini, təhlükəsizliyini və uzunömürlülüyünü təmin etməyə xidmət edir”.
Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanında dayanıqlılığın artırılması layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilib.

