Serbiyada oktyabrın 25-nə təyin olunan seçkilər ərəfəsində siyasi mübarizə kəskinləşib.
Editor.az xəbər verir ki, Reuters-in araşdırmasına əsasən, müxalif fəallar, tələbə hərəkatının nümayəndələri və jurnalistlər təzyiq, təhdid və zorakılıq halları ilə üzləşdiklərini bildirirlər.
Prezident Aleksandar Vuçiçin rəhbərlik etdiyi hakim Serb Tərəqqi Partiyası ölkədə siyasi sabitliyi qoruduğunu bildirir və repressiya, korrupsiya ilə bağlı ittihamları rədd edir. Bununla belə, hakimiyyətin rəqibləri mediaya təzyiqin artdığını və siyasi rəqabət üçün şəraitin pisləşdiyini iddia edirlər.
Etiraz hərəkatının güclənməsi hakimiyyət üçün ciddi sınaq hesab olunur. Bu hərəkat 2024-cü ildə Novi-Sad şəhərində dəmir yolu vağzalının örtüyünün uçması və 16 nəfərin həlak olması ilə nəticələnən faciədən sonra genişlənib. Tələbələrin rəhbərlik etdiyi siyasi qüvvələrin seçkilərdə 250 namizədlə iştirak etməsi diqqət çəkir.
Reuters-in istinad etdiyi sorğulardan birində tələbə hərəkatının dəstəklədiyi qüvvələrlə hakim partiyanın nəticələrinin bir-birinə yaxın olduğu göstərilib.
Seçkilərin nəticəsi Serbiyanın Avropa İttifaqına inteqrasiya perspektivləri, ölkədə demokratik institutların vəziyyəti və Balkanlarda siyasi qüvvələr balansı baxımından əhəmiyyət daşıyacaq.
//Samir Qurbanov, Editor.az

