Abşeron rayonunun Xırdalan şəhərində 10 yaşlı uşağa qarşı cinsi zorakılıq törətməkdə təqsirləndirilən 45 yaşlı Akif Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Editor.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində, Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən mənzillərdən birində baş verib.
Məhkəmə materiallarına əsasən, dəmir yığmaqla məşğul olan və “Akula Akif” ləqəbi ilə tanınan Akif Məmmədov qonşuluqda yaşayan, əvvəldən tanıdığı 2016-cı il təvəllüdlü uşağa pirotexniki vasitə verəcəyini vəd edib. Bu bəhanə ilə azyaşlını evinə aparıb, qapını bağladıqdan sonra ona qarşı seksual xarakterli hərəkətlər edib və cinsi zorakılıq törədib.
Hadisə zamanı uşağın anasının onu axtardığını öyrənən kişi azyaşlını evdən buraxıb. Uşağın valideynləri baş verənlər barədə polisə məlumat veriblər. Akif Məmmədov saxlanılıb və faktla bağlı cinayət işi başlanaraq məhkəməyə göndərilib.
Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs əvvəlcə hadisəni inkar edib. Sonradan isə spirtli içki qəbul etdiyini və baş verənləri xatırlamadığını iddia edib.
O, məhkəmədə cinlərlə danışdığını və onların təsiri altında olduğunu söyləyib. Məmmədovun ifadəsinə görə, bu vəziyyətin 2017-ci ildən davam etdiyini bildirib. O, hadisə günü də spirtli içki qəbul etdiyini deyərək baş verənlərə görə cinləri günahlandırıb.
Məhkəmənin hökmü ilə Akif Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

