ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsi ilə bağlı son mövqeyi Vaşinqtonun xarici siyasətində yeni müzakirələrə səbəb olub.
Editor.az xəbər verir ki, Reuters-in təhlilinə görə, noyabrın 3-də keçiriləcək aralıq seçkiləri yaxınlaşdıqca Ağ Ev müharibənin başa çatdırılması məsələsinə daha çox diqqət ayırır.
Tramp Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərdə müəyyən yumşalma nümayiş etdirir və Ukrayna rəhbərliyini sülh razılaşmasına nail olmağa çağırır. Vaşinqtonun bu yanaşmasının arxasında ABŞ-də enerji qiymətləri və yaşayış xərcləri ilə bağlı narazılıqların da dayandığı bildirilir.
Məlumata görə, ABŞ Rusiyadan dizel yanacağının dünya bazarına çıxarılması ilə bağlı razılaşma çərçivəsində bəzi sanksiya məhdudiyyətlərini müvəqqəti yumşaldıb. Eyni zamanda, Trampın Putin və Çin Prezidenti Si Cinpinlə mümkün görüşü də müzakirə olunur.
Ukrayna və Avropadakı müttəfiqlər isə Kiyevin iştirakı olmadan qəbul ediləcək qərarların müharibənin gələcəyinə təsir göstərə biləcəyindən narahatdırlar. Beləliklə, ABŞ-də daxili siyasi proseslər Ukrayna ətrafındakı diplomatik danışıqların mühüm amillərindən birinə çevrilir.
//Samir Qurbanov, Editor.az

