İrana zərbə planı niyə yarımçıq qaldı? – Trampın qarşısında iki ciddi riskbackend

İrana zərbə planı niyə yarımçıq qaldı? – Trampın qarşısında iki ciddi risk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda ABŞ və İsrailin İrana qarşı mümkün addımları regionun gələcək təhlükəsizlik arxitekturası baxımından xüsusi əhəmiyyət daşıyır. Tehranla hərbi qarşıdurmanın yenidən alovlanması yalnız tərəflər arasında qüvvələr nisbətinə deyil, qlobal enerji bazarlarına, beynəlxalq iqtisadi sabitliyə və regional dövlətlərin təhlükəsizlik maraqlarına da ciddi təsir göstərə bilər. Belə bir şəraitdə Vaşinqtonun qərarlarına hərbi-strateji hədəflərlə yanaşı, daxili siyasi proseslər, seçki perspektivləri və mümkün iqtisadi itkilər də təsir edir. Məsələnin Azərbaycan üçün də əhəmiyyəti böyükdür: regionda genişmiqyaslı müharibənin qarşısının alınması enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətlərinin sabitliyi və Cənubi Qafqazda təhlükəsizlik mühitinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Beynəlxalq məsələlər üzrə siyasi şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında əvvəlki müsahibələrində də ABŞ və İsrailin seçkilər ərəfəsində İrana qarşı yeni hərbi əməliyyata başlamaq ehtimalının yüksək olmadığını bildirdiyini qeyd edib:

“Çünki belə bir addım həm Vaşinqtonda, həm də Təl-Əvivdə seçkilərin nəticələrinə birbaşa təsir göstərər. Xüsusilə Donald Tramp yaxşı anlayır ki, İranla müharibənin davam etdirilməsi ABŞ daxilində ciddi siyasi itkilərə səbəb ola bilər. Sorğular amerikalıların əhəmiyyətli hissəsinin onun İran siyasətini və hərbi əməliyyatları dəstəkləmədiyini göstərir. Bu baxımdan Trampın əsas məqsədi noyabrın 3-də keçiriləcək aralıq seçkilərə qədər müharibəsiz, itkisiz və mümkün qədər sakit bir proseslə irəliləməkdir.

Doğrudur, İsrailin baş naziri Benyamin Netanyahu müxtəlif vasitələrlə Vaşinqtonu İrana qarşı daha sərt addımlar atmağa təşviq edir. Lakin Tramp üçün burada əsas məsələ İsrailin istəklərindən daha çox Amerikanın milli maraqları və daxili siyasi reallıqlarıdır. Ağ Ev sahibi artıq anlayır ki, İranla müharibə arzuladığı nəticəni vermədiyi halda, bu qarşıdurmanın siyasi məsuliyyəti birbaşa onun üzərinə düşəcək. Müharibənin ilk mərhələsində İranın yüksək rütbəli hərbi və dövlət rəsmilərinin sıradan çıxarılması, generalların öldürülməsi Tehrana ciddi zərbələr vursa da, bunlar özlüyündə müharibədə qələbə demək deyil. Təxminən 50 günlük qarşıdurmadan sonra, yəni atəşkəsə qədər İran məsələsini qəti şəkildə həll etmək mümkün olmayıb. Belə bir şəraitdə müharibəni yenidən alovlandırmaq Tramp üçün ciddi risklər yaradar.

Hesab edirəm ki, Tramp bu reallığı getdikcə daha aydın dərk edir. İranla bağlı sərt bəyanatlar səsləndirmək, Tehrana təzyiq göstərmək və hərbi variantı gündəmdə saxlamaq başqa məsələdir, bilavasitə yeni müharibəyə başlamaq isə tamam başqa. ABŞ Prezidenti seçkilərə qədər təhdid ritorikasını davam etdirə, eyni zamanda hərbi əməliyyatların bərpasını təxirə sala bilər. Mənim qənaətimə görə, noyabrın 3-dək İrana qarşı yeni genişmiqyaslı müharibənin başlanması ehtimalı aşağıdır. Bununla belə, gözlənilməz hadisələri və tərəflər arasında mümkün eskalasiyanı tamamilə istisna etmək də olmaz. İsraildəki seçkilər də bu mənzərənin mühüm hissəsidir. Netanyahu üçün qarşıdakı siyasi mübarizə kifayət qədər ciddi sınaqdır. Əgər o, seçkilər ərəfəsində İranla yeni müharibəyə başlasa və bu əməliyyat gözlənilən nəticəni verməsə, siyasi mövqeləri daha da zəifləyəcək. Belə bir ssenaridə Netanyahu təkcə hərbi-siyasi uğursuzluqla deyil, həm də hakimiyyətini itirmək təhlükəsi ilə üzləşə bilər. Eyni zamanda, İsrailin uğursuzluğu ABŞ-ın regiondakı strategiyasına və Tramp administrasiyasının siyasi nüfuzuna da mənfi təsir göstərə bilər”.

C. Abbaslı düşünür ki, D. Tramp hazırda iki istiqamətdə hesablamalar aparır:

“Bir tərəfdən, İsrailin təhlükəsizlik maraqlarını və Netanyahunun siyasi taleyini nəzərə alır, digər tərəfdən isə Respublikaçılar Partiyasının aralıq seçkilərdə mövqelərini qorumağa çalışır. O, İsraildə hakimiyyətin tamamilə zəifləməsində və ya dəyişməsində maraqlı görünmür. ABŞ daxilində isə öz partiyasının ciddi seçki məğlubiyyəti ilə üzləşməməsi üçün bütün cəhdləri edir. Məhz buna görə də hərbi əməliyyatların vaxtı və miqyası ilə bağlı qərarları təkcə hərbi amillər deyil, siyasi hesablamalar da müəyyənləşdirir.

Bununla belə, noyabrın 3-dən sonra vəziyyət dəyişə bilər. Tramp seçkilərin nəticələrindən asılı olaraq İranla bağlı daha sərt qərarlar qəbul etməyə çalışacaq. Əgər Respublikaçılar Partiyası ciddi itkilərlə üzləşməsə, Ağ Ev sahibinin siyasi manevr imkanları genişlənəcək. Lakin bu, mütləq müharibənin bərpa olunacağı demək deyil. Hərbi əməliyyatların gələcək taleyi İranın mövqeyindən, danışıqların gedişindən, İsrailin davranışından və regiondakı qüvvələr nisbətindən də asılı olacaq. Fikrimcə, Trampın İsrailin İrana qarşı mümkün hərbi əməliyyatını dayandırmaq və ya təxirə salmaq qərarının əsas səbəblərindən biri seçki amilidir. O, anlayır ki, nəticəsi əvvəlcədən təmin olunmayan yeni müharibə həm Netanyahunun siyasi gələcəyini, həm də özünün və Respublikaçılar Partiyasının seçki perspektivlərini təhlükə altına ata bilər. Tramp hazırda böyük siyasi oyunu daha ehtiyatlı aparmağa, vaxt qazanmağa və mümkün qərarları seçkilərdən sonrakı dövrə saxlamağa çalışır”.

//Gülnarə Abasova, Editor.az