İsti yay günlərində orqanizmi qorumaq üçün təkcə kifayət qədər su içmək deyil, həm də qidalanma və gündəlik rejimə diqqət yetirmək vacibdir.
Editor.az xəbər verir ki, bu barədə kardioloq Renad Adjiyev məlumat verib.
Həkimin sözlərinə görə, isti havalarda duz qəbulunu minimuma endirmək tövsiyə olunur. Duz susuzluq hissini artırmaqla yanaşı, arterial təzyiqin yüksəlməsinə də səbəb ola bilər. Buna görə də gün ərzində bədənin ehtiyacına uyğun şəkildə, kiçik porsiyalarla təxminən 1,5–2,5 litr su içmək məsləhət görülür. Qazlı, şəkərli içkilər və həddindən artıq kofeinli məhsullardan isə uzaq durmaq lazımdır, çünki onlar orqanizmdə maye itkisini sürətləndirə bilər.
Mütəxəssis bildirib ki, hava şəraitindəki dəyişikliklər qan təzyiqinə təsir göstərə bilər. Xüsusilə hipertoniya və ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər isti günlərdə öz sağlamlıqlarına daha həssas yanaşmalı, vəziyyət pisləşdiyi halda vaxt itirmədən həkimə müraciət etməlidirlər.
Kardioloq günün rejiminə də diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, günəş şüalarının ən güclü olduğu 11:00–16:00 saatları arasında açıq havada qalmaqdan çəkinmək lazımdır. Fiziki fəaliyyət isə səhər erkən və ya axşam saatlarına keçirilməlidir. Əks halda, hətta adi gəzinti belə günvurma və istilik zərbəsi riskini artıra bilər.
Qidalanmaya gəlincə, isti havalarda tərəvəz, meyvə və yağsız zülal məhsullarından ibarət yüngül rasiona üstünlük verilməsi məsləhətdir. Yağlı və ağır yeməklər həzm sisteminə əlavə yük yaradır və yorğunluq hissini gücləndirir.
Həkim həmçinin geyim seçiminin də böyük əhəmiyyət daşıdığını vurğulayıb. Təbii parçadan hazırlanmış, geniş və açıq rəngli geyimlər bədənin sərin qalmasına kömək edir. Xüsusilə uşaqlar, yaşlı insanlar və xroniki ürək-damar və endokrin xəstəlikləri olan şəxslər üçün baş geyimindən istifadə zəruri hesab olunur.
//Gülnarə Abasova, Editor.az

