Tofiq Abbasov: “Qaluzinin açıqlamaları iki fərqli siyasi prosesə aydınlıq gətirir”backend

Tofiq Abbasov: “Qaluzinin açıqlamaları iki fərqli siyasi prosesə aydınlıq gətirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regionda geosiyasi proseslərin intensivləşdiyi bir vaxtda Rusiya rəsmilərinin həm Azərbaycan-Rusiya münasibətləri, həm də Ermənistanın xarici siyasi kursu ilə bağlı açıqlamaları xüsusi diqqət doğurur. Bu bəyanatlar bir daha göstərir ki, Cənubi Qafqazda baş verən hadisələr fərqli siyasi müstəvilərə aid olsa da, onların hər biri regional təhlükəsizlik, hüquqi məsuliyyət və dövlətlərin strateji seçimləri baxımından ayrıca qiymətləndirilməlidir. Azərbaycanın mövqeyi isə bütün hallarda beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək milli maraqların qətiyyətlə müdafiəsinə əsaslanır.

Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, Mixail Qaluzinin toxunduğu iki məsələ mahiyyət etibarilə bir-biri ilə əlaqəli deyil və hər biri ayrıca qiymətləndirilməlidir:

“Bu iki məsələ tamamilə fərqli xarakter daşıyır və bir-biri ilə əlaqəsi yoxdur. Qaluzinin açıqlamaları ümumilikdə Cənubi Qafqazdakı proseslərə Rusiyanın münasibətini əks etdirir.

AZAL təyyarəsinin qəzaya uğramasından sonra Azərbaycan-Rusiya münasibətlərində müəyyən gərginlik yarandı. Lakin bunun məsuliyyəti Azərbaycan tərəfinin üzərində deyildi. Çünki baş vermiş hadisəyə görə məsuliyyət daşıyan tərəf Rusiya idi. Azərbaycan Prezidenti İlham Əliyev MDB Sammitində iştirakdan imtina edərək Bakıya qayıtdıqdan dərhal sonra açıq şəkildə bəyan etdi ki, Azərbaycanın bu hadisədə heç bir günahı yoxdur və rəsmi Bakı yalnız beynəlxalq hüquq və qanun çərçivəsində hərəkət edir, haqlı tələblərini də Rusiya qarşısında irəli sürür.

Rusiya isə ilk mərhələdə məsələyə qeyri-konstruktiv və anlaşılmaz yanaşma nümayiş etdirdi. Sonradan mövqeyini müəyyən qədər korrektə etməyə çalışsa da, fakt dəyişmirdi. Çünki həm qanun pozuntusu baş vermişdi, həm də Azərbaycanın mülki təyyarəsinə qanunsuz şəkildə atəş açılmışdı. Belə olan halda Azərbaycanın üzr istəməsi barədə söhbət gedə bilməzdi.

Həmin dövrdə Azərbaycanın nümayiş etdirdiyi təmkinli və prinsipial siyasət, qarşılıqlı etimadın qorunmasına verdiyi önəm Rusiyanı da konstruktiv yanaşmaya sövq etdi. Daha sonra Düşənbədə keçirilən görüş çərçivəsində Prezident İlham Əliyev və Prezident Vladimir Putin məsələ ilə bağlı razılaşdırılmış mövqedən çıxış etdilər. Vladimir Putin də etiraf etdi ki, Azərbaycanın tələbləri nəzərə alınıb və onlara uyğun addımlar atılacaq.

Qaluzinin hazırkı açıqlaması da onu göstərir ki, qalan məsələlər əsasən texniki xarakter daşıyırdı. Belə hadisələrdə hər detal üzərində uzun müzakirələr aparılması tamamilə təbiidir. Çünki burada dövlət maraqları, hüquqi məsuliyyət, kompensasiya məsələləri və hadisəyə görə kimin hansı dərəcədə məsuliyyət daşıması kimi mühüm məqamlar mövcuddur.

Bu baxımdan Qaluzinin ‘bütün məsələlərin həll olunduğu’ barədə açıqlaması onu göstərir ki, proses yekun mərhələyə çatıb və tərəflər arasında hüquqi baxımdan aydın mənzərə formalaşıb. Bunu Azərbaycan diplomatiyasının mühüm uğurlarından biri kimi qiymətləndirmək olar. Azərbaycan Rusiyadan qeyri-real gözləntilər irəli sürmürdü. Rəsmi Bakı yalnız beynəlxalq hüququn tələblərinə əməl olunmasını, məsuliyyətin qəbul edilməsini və qanun pozuntusuna hüquqi qiymət verilməsini tələb edirdi. Hadisənin hansı daxili səbəblərdən baş verməsi isə Rusiyanın daxili işidir və Azərbaycanın məsuliyyət dairəsinə daxil deyil. Hadisə Rusiya ərazisində baş verib, müharibəni aparan da Rusiya tərəfidir. Zərər çəkən isə Azərbaycana məxsus mülki təyyarə olub. Buna görə də Rusiya əvvəlcədən öz məsuliyyətini qəbul etməli idi. İlk mərhələdə bunu etməməsi isə sonradan özü üçün əlavə siyasi yük yaratdı. Qaluzinin son bəyanatı göstərir ki, Rusiya Azərbaycanın bütün haqlı tələblərini nəzərə alıb və məsələnin həlli hüquq çərçivəsində təmin olunub.”

Politoloq bildirib ki, Ermənistanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqında qalmaq, həm də Avropa İttifaqına inteqrasiya prosesini davam etdirmək cəhdi siyasi baxımdan ziddiyyətli yanaşmadır:

“Bu yanaşma ilk növbədə Ermənistan diplomatiyasının yetkin siyasi xətt formalaşdıra bilmədiyini göstərir. İrəvan bəzən elə təsəvvür yaradır ki, bütün istiqamətlər üzrə eyni vaxtda üstünlük əldə edə bilər. Halbuki beynəlxalq münasibətlər sistemində fundamental prinsiplər və dövlətlərin öhdəlikləri mövcuddur. Ermənistanın hazırkı davranışı məhz həmin prinsiplərlə uzlaşmır.

Bir inteqrasiya qurumunun üzvü olaraq eyni vaxtda digər inteqrasiya blokuna üzvlük üçün müraciət etmək siyasi baxımdan məntiqli yanaşma deyil. Vladimir Putin də seçkiqabağı dövrdə Moskvada Nikol Paşinyana açıq şəkildə bildirmişdi ki, bir ittifaqdan çıxmadan digərinə daxil olmaq düzgün yanaşma hesab edilə bilməz. Çünki bu, hər iki platformada eyni vaxtda iştirak etmək cəhdi deməkdir.

Nəzərə almaq lazımdır ki, Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı geosiyasi və iqtisadi baxımdan fərqli maraqları təmsil edən platformalardır. Ermənistanın hər iki istiqamətdə paralel siyasət yürütməsi gələcəkdə ciddi ziddiyyətlər yarada bilər. ‘İki stulda oturmaq’ siyasəti heç bir dövlətə uzunmüddətli üstünlük qazandırmır. Dövlət aydın və qəti seçim etməli, hansı istiqamətdə irəliləyəcəyini açıq şəkildə bəyan etməlidir.

Nikol Paşinyan vaxtilə bu vəziyyətin Ermənistan üçün sərfəli olduğunu, hər iki istiqamətdən faydalanmağa çalışdıqlarını bildirmişdi. Lakin belə siyasət uzun müddət davam edə bilməz. Ermənistan gec-tez konkret seçim etməyə məcbur olacaq.

Hesab edirəm ki, Qaluzinin bu məsələ ilə bağlı mesajı da məhz bunu ifadə edir. Ermənistan siyasi və iqtisadi etika çərçivəsində davranmalı, hansı inteqrasiya modelini seçdiyini dəqiq şəkildə bəyan etməlidir.

Əks halda, Ermənistan yeni problemlərlə üzləşə bilər. Beynəlxalq münasibətlər sistemində müxtəlif təzyiq və sanksiya mexanizmləri mövcuddur. Onsuz da kifayət qədər sosial-iqtisadi çətinliklərlə üzləşən Ermənistanın əlavə problemlərə ehtiyacı yoxdur. Bu baxımdan Qaluzinin açıqlaması Rusiyanın Ermənistandan konkret və ardıcıl mövqe gözlədiyini, İrəvanın isə artıq seçim etməli olduğunu göstərir”.

//Gülnarə Abasova, Editor.az