Ermənistanda daxili siyasi proseslər getdikcə daha mürəkkəb xarakter alır. Hakimiyyətlə müxalifət arasında qarşıdurmanın dərinləşməsi, xarici təsir mərkəzlərinin fəallaşması və revanşist qüvvələrin yenidən ön plana çıxması ölkədə siyasi sabitliklə bağlı narahatlıqları artırır. Xüsusilə Samvel Karapetyanın son açıqlamaları Ermənistanın yaxın dövrdə yeni siyasi gərginlik mərhələsinə qədəm qoya biləcəyinə dair ehtimalları gücləndirir.
Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan geosiyasi rəqabət və qarşıdurmanın əsas subyektlərindən biri kimi dərin siyasi böhranla üz-üzə qalıb:
“Azərbaycandan fərqli olaraq, Ermənistanı düşdüyü bu bataqlıqdan çıxara biləcək güclü lider və peşəkar komanda yoxdur. Hər nə qədər hazırkı baş nazir Nikol Paşinyan bu missiyanı öz üzərinə götürməyə çalışsa da, onun bunun üçün kifayət qədər siyasi təcrübəsi, iradəsi və nüfuzu yoxdur.
Unutmaq olmaz ki, “Tarixi Ermənistan’dan “Real Ermənistan” ‘U’ dönüşü etməyə cəhd göstərilməsi Ermənistan hakimiyyətinin sülhpərvər mövqeyindən deyil, mövcud geosiyasi reallıqların yaratdığı məcburiyyətdən irəli gəlir. Çünki formalaşmaqda olan Yeni Dünya Nizamında Ermənistanın, hətta forpost dövlət kimi mövcudluğu belə sual altındadır.
İyunun 7-də keçirilən parlament seçkiləri ölkədə nə daxili gərginliyi azaltdı, nə də siyasi qarşıdurmanı zəiflətdi. Əksinə, bu mübarizə daha da mürəkkəb mərhələyə keçdi. Rusiya tərəfindən dəstəkləndiyi heç kimə sirr olmayan Samvel Karapetyan Ermənistanda yeni güc mərkəzi formalaşdırmağı bacardı. O, Robert Koçaryan kimi revanşist qüvvələri və tarixən təxribatçı mövqeyi ilə seçilən kilsəni öz ətrafında birləşdirərək artıq yeni siyasi alternativə çevrilib.
Lakin bu “alternativ”in erməni xalqının maraqlarını qoruyacağı və ölkəyə müsbət nələrsə qazandıracağı inandırıcı görünmür. Bununla belə, bir reallıq da var ki, Rusiya yönümlü qüvvələr seçkilərdə müxalifətdə qalsalar belə, ölkəni yeni avantüralara sürükləyə biləcək səviyyədə siyasi güc əldə ediblər.
“Güclü Ermənistan” blokunun seçkilərin nəticələrini şübhə altına alan bəyanatları, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün alternativ yollar axtardıqlarını açıq şəkildə ifadə etmələri, eləcə də növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi deməyə əsas verir ki, Ermənistanda daxili siyasi sabitlik istənilən anda ciddi şəkildə pozula bilər”.
//Gülnarə Abasova, Editor.az

