ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında “Azadlıq layihəsi” əməliyyatını dayandırmaq qərarı regionda yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, Vaşinqtonun bu addımı təkcə hərbi-strateji deyil, həm də İranla aparılan danışıqlar prosesinə hesablanmış siyasi mesaj xarakteri daşıyır. Eyni zamanda, prosesdə Çin faktorunun və Körfəz ölkələrinin mövqeyinin xüsusi rol oynadığı vurğulanır.
Politoloq Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın “Azadlıq layihəsi” əməliyyatını dayandırması ilk növbədə Səudiyyə Ərəbistanı və Küveytin Amerikaya hərbi-logistik dəstək verməməsi ilə bağlıdır. Onun sözlərinə görə, bu prosesdə Çin amili də nəzərə alınmalıdır:

“Çin bu məsələdə Səudiyyə Ərəbistanı və Küveytə müəyyən xəbərdarlıqlar etmiş ola bilər. Hazırda tərəflər arasında 14 maddədən ibarət təkliflər paketi müzakirə olunur. Hesab edirəm ki, yekun razılaşmaların əldə olunması üçün ABŞ Prezidenti “Azadlıq layihəsi” əməliyyatını dayandırıb. Bu, Vaşinqtonun İrana ünvanladığı siyasi jest kimi qiymətləndirilə bilər.
Düşünürəm ki, hazırda danışıqlar prosesi davam edir və yaxın dövrdə ABŞ ilə Çin arasında da bu məsələ ətrafında müzakirələr aparılacaq. Çünki İran tərəfi Vaşinqtonla təmaslarda Pekinə müəyyən səlahiyyət verib. Bu baxımdan, İran məsələsi Çin-ABŞ münasibətlərində də əsas müzakirə mövzularından biri olacaq.
ABŞ yalnız diplomatik prosesin uğurlu nəticə verməsi üçün “Azadlıq layihəsi”ni dayandırıb. İran tərəfi bunu Amerikanın geri addımı kimi təqdim etməyə çalışsa da, hesab etmirəm ki, məsələ belədir. Vaşinqton bununla Tehrana mesaj verir ki, əgər ABŞ prosesin irəliləməsi naminə müəyyən addım atırsa, İran da qarşılıq olaraq konstruktiv mövqe nümayiş etdirməli və nəticədə tərəflər arasında çərçivə sazişinin imzalanması mümkün olmalıdır”.
//Gülnarə Abasova, Editor.az

