Ukrayna Macarıstanın hansı güzəştlərini qəbul edib? – Detallar məlum olubbackend

Ukrayna Macarıstanın hansı güzəştlərini qəbul edib? – Detallar məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna və Macarıstan arasında milli azlıqların hüquqları ilə bağlı əldə olunan razılaşmanın detalları üzə çıxıb.

Məlumata görə, Kiyev milli azlıqların hüquqlarını genişləndirən bir sıra qanunvericilik dəyişiklikləri etməyi öhdəsinə götürüb. Bu dəyişikliklər 20 səhifəlik sənəddə əks olunub.
Sənədə əsasən, tərkibində milli azlıq dillərində tədris aparılan sinif və ya qruplar olan təhsil müəssisələri “milli azlıqlar məktəbi” statusu alacaq.

Belə məktəblərdə lövhələr, elanlar və digər məlumatlar müvafiq milli azlığın dilində də təqdim olunacaq. Bundan əlavə, məktəbin direktoru və ya onun müavinlərindən biri həmin azlığın dilini bilməlidir.

Razılaşmaya görə, valideynlərin istəyi ilə təhsil sənədləri də milli azlığın dilində hazırlanacaq. Bu məktəblərin məzunları üçün xarici qiymətləndirmə və imtahan materiallarının tərcüməsi nəzərdə tutulur. Ukrayna dili və tarix fənləri istisna olmaqla, test tapşırıqları müvafiq azlıq dilində təqdim edilə biləcək.
Sənəddə həmçinin milli azlıqların yerli idarəetmə orqanları ilə öz dillərində ünsiyyət qurmaq hüququnun genişləndirilməsi, onların hüquqlarına aid qanun layihələrinin hazırlanması zamanı məsləhətləşmələrin aparılması, seçki kampaniyası materiallarının və rəsmi məlumatların azlıq dillərində də yayımlanması kimi müddəalar yer alıb.

Qeyd edək ki, Macarıstanın Baş naziri Peter Macarı daha əvvəl Ukrayna ilə macar azlığının dil, təhsil, mədəni və siyasi hüquqlarının genişləndirilməsi barədə hərtərəfli razılıq əldə olunduğunu açıqlamışdı. Razılaşmanın həyata keçirilməsi Ukraynanın Avropa İttifaqına üzvlük danışıqlarında irəliləyişə töhfə verə bilər.

//Samir Qurbanov, Editor.az