Valideynin hər “olmaz” sözü hansı “çapıqlar” yaradır?- Psixoloqdan diqqətçəkən AÇIQLAMAbackend

Valideynin hər “olmaz” sözü hansı “çapıqlar” yaradır?- Psixoloqdan diqqətçəkən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsan şəxsiyyətinin formalaşmasında uşaqlıq dövrünün xüsusi rolu var. Ailədə yaşanan münaqişələr, emosional laqeydlik və həddindən artıq təzyiq insanın gələcək münasibətlərinə təsir göstərə bilər. Bəzi insanlar uşaqlıqda yaşadıqları mənfi təcrübələrin təsirini illər keçsə də hiss edirlər. Bununla belə, hər bir insanın bu təcrübələrə reaksiyası fərqli olur. Uşaqlıq travmalarının insanın yetkinlik dövründəki davranışlarına təsirini hansı əlamətlər əsasında müəyyən etmək mümkündür?

Psixoloq Leyla Əli Editor.az-a açıqlamasında bildirib ki, insan şəxsiyyətinin formalaşmasında uşaqlıq dövrü mühüm rol oynayır:

“Uşağın ailədə gördüyü münasibət, aldığı sevgi və dəstək, eləcə də yaşadığı emosional təcrübələr onun özünə və ətrafındakı insanlara münasibətinin əsasını təşkil edir. Ailədaxili münaqişələr, emosional laqeydlik, davamlı tənqid, həddindən artıq nəzarət və təzyiq uşağın psixoloji inkişafına təsir göstərə bilər. Bəzən bu təsirlərin izləri insanın yetkinlik dövründə də özünü büruzə verir.

Uşaqlıq travmalarının yetkinlik dövründəki mümkün əlamətləri hansılardır?

Uşaqlıqda yaşanan mənfi təcrübələr yetkinlik dövründə müxtəlif davranış və emosional çətinliklərlə müşayiət oluna bilər. Bu əlamətlərdən biri tərk edilmək qorxusudur. Belə insanlar münasibətlərdə qarşı tərəfi itirməkdən həddindən artıq narahat ola, adi anlaşılmazlıqları belə münasibətin bitməsi təhlükəsi kimi qəbul edə bilərlər.

Digər bir əlamət özünəinamın aşağı olmasıdır. Uşaqlıqda tez-tez tənqid edilən və ya hissləri nəzərə alınmayan insanlar yetkinlikdə özlərini kifayət qədər yaxşı hesab etməyə, uğurlarını kiçiltməyə və başqalarının təsdiqinə həddindən artıq ehtiyac duymağa meyilli ola bilərlər.

Bəzi insanlar isə emosional yaxınlıq qurmaqda çətinlik çəkirlər. Onlar başqalarına güvənməkdən çəkinir, hisslərini ifadə etməkdə çətinlik yaşayır və ya incinmək qorxusundan münasibətlərdə məsafə saxlayırlar. Əksinə, bəzi insanlar münasibətlərdə həddindən artıq bağlılıq göstərə, qarşı tərəfin ehtiyaclarını öz ehtiyaclarından üstün tuta bilərlər.

Uşaqlıq təcrübələri insanın emosiyalarını idarə etməsinə də təsir edə bilər. Tez qəzəblənmək, tənqidə qarşı həssas olmaq, günahkarlıq hissi yaşamaq, münaqişələr zamanı susmaq və ya özünü müdafiə etmək üçün həddindən artıq sərt reaksiya vermək müəyyən hallarda keçmiş təcrübələrlə əlaqəli ola bilər. Daim başqalarını razı salmağa çalışmaq, “yox” deyə bilməmək və şəxsi sərhədləri qorumaqda çətinlik çəkmək də diqqət yetirilməli davranışlardandır”.

Psixoloq sadalağı bu əlamətlərin uşaqlıq travmasının göstəricisi olub- olmadığına da toxundu:

“Sadalanan əlamətlərin hər biri müxtəlif səbəblərdən yarana bilər. Buna görə də yalnız bir davranışa əsaslanaraq insanın uşaqlıq travması yaşadığını söyləmək düzgün deyil. Əsas məsələ bu davranışların nə qədər davamlı olması, insanın münasibətlərinə və gündəlik həyatına necə təsir etməsidir.

Hər bir insan uşaqlıq təcrübələrinə fərqli reaksiya verir. Eyni ailədə böyüyən uşaqlar belə hadisələri müxtəlif cür yaşaya bilərlər. Bundan əlavə, uşaqlıqda mənfi təcrübələr yaşayan hər kəsdə mütləq psixoloji çətinliklər yaranmır. Sevgi, sosial dəstək, təhlükəsiz münasibətlər və fərdi xüsusiyyətlər qoruyucu rol oynaya bilər.

Uşaqlıq təcrübələrinin təsirini dəyişmək mümkündürmü?

Bəli. Keçmişdə yaşanan hadisələr insanın bugünkü davranışlarına təsir etsə də, bu təsirlər dəyişməz deyil. İnsan öz emosional reaksiyalarını anlamağı, zərərli düşüncə və davranış nümunələrini tanımağı, sağlam sərhədlər qurmağı və münasibətlərdə öz ehtiyaclarını ifadə etməyi öyrənə bilər.

Psixoterapiya insana keçmiş təcrübələri daha yaxşı anlamağa, təkrarlanan münasibət nümunələrini müəyyən etməyə və emosional çətinliklərlə daha sağlam şəkildə baş etməyə kömək edə bilər.

Uşaqlıqda yaşadıqlarımız həyat hekayəmizin bir hissəsidir, lakin gələcəyimizin dəyişməz taleyi deyil. Keçmişi dəyişmək mümkün olmasa da, onun bu günümüzə təsirini anlamaq və daha sağlam münasibətlər qurmaq mümkündür”.

//Gülnarə Abasova, Editor.az