Azərbaycan şirkətlərinin xərcləri azala bilər: gömrükdə yeni sistem gündəmdədirbackend

Azərbaycan şirkətlərinin xərcləri azala bilər: Gömrükdə yeni sistem gündəmdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın beynəlxalq yükdaşımalarını asanlaşdırmaq və gömrük prosedurlarını sürətləndirmək istiqamətində yeni addımlar atılır. Ölkənin “Ortaq Tranzit Konvensiyası”na qoşulması Azərbaycan şirkətlərinə 41 ölkəni əhatə edən tranzit ərazisində daha rahat daşımalar həyata keçirmək imkanı verə bilər.

Editor.az xəbər verir ki, bu barədə Beynəlxalq Ticarət və Ümumdünya Ticarət Təşkilatı üzrə baş ekspert Marius Bordalba Avropa İttifaqı–Azərbaycan Biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycan Dövlət Gömrük Komitəsinin Konvensiyaya qoşulmaq istiqamətində gördüyü işləri dəstəkləyir.

Marius Bordalba qeyd edib ki, proses uğurla yekunlaşarsa, şirkətlər bir bəyannamə, bir zəmanət və vahid prosedur vasitəsilə Bakıdan tranzit ərazisinə daxil olan 41 ölkənin istənilən təyinat məntəqəsinə yük göndərə biləcəklər.

Ekspertin fikrincə, bu sistemin tətbiqi sərhəd-keçid prosedurlarının sürətlənməsinə və gömrük əməliyyatlarının elektronlaşdırılmasına şərait yaradacaq. Eyni zamanda, zəmanət xərclərinin azalması, müxtəlif ölkələrdə vahid qaydaların və tələblərin tətbiqi də biznes üçün mühüm üstünlüklərdən olacaq.

Bundan başqa, Konvensiya çərçivəsində hüquqi müəyyənliyin artırılması, tərəflərin öhdəliklərinin dəqiq tənzimlənməsi, eləcə də sorğu və tələblərlə bağlı mexanizmlərin təmin olunması nəzərdə tutulur.

Gömrük sahəsində yeni dəyişikliklər hazırlanır

Marius Bordalbanın sözlərinə görə, noyabr ayında Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq çərçivəsində Gömrük Məcəlləsinə edilmiş son dəyişikliklərin tətbiqi istiqamətində yeni mərhələyə başlanılması planlaşdırılır.

Bu prosesdə gömrük anbarlarının fəaliyyəti, gömrük nümayəndəliyi, gömrük ödənişlərinin təxirə salınması və hissə-hissə ödənilməsi kimi sahələr üzrə əlavə normativ sənədlərin hazırlanmasına da dəstək göstəriləcək.

Gözlənilən dəyişikliklər beynəlxalq ticarətlə məşğul olan şirkətlərin gömrük əməliyyatlarını daha çevik həyata keçirməsinə və yükdaşımalar zamanı qarşılaşdıqları prosedur çətinliklərinin azalmasına kömək edə bilər.

Konvensiyaya qoşulma prosesi başa çatdıqdan sonra Azərbaycan biznesinin beynəlxalq tranzit imkanlarının genişlənməsi gözlənilir.