Məmurun xanımı Əhmədlidə lyuka düşdü: Ayağı sındıbackend

Məmurun xanımı Əhmədlidə lyuka düşdü: Ayağı sındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xətai rayonunda açıq qalmış yağış kanalizasiya quyusu ilə bağlı bədbəxt hadisə məhkəmə qərarı ilə yekunlaşıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun həyat yoldaşı açıq quyuya düşərək ayağından xəsarət alıb. Hadisə ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilən vəzifəli şəxsə 2 min manat cərimə kəsilib.

Editor.az-ın Qaynarinfo-ya istinadən verdiyi məlumata görə, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 13B ünvanında baş verib.

Məlumata əsasən, qadın avtomobildən düşdüyü zaman yolun kənarında yerləşən, üzərində qoruyucu barmaqlıq olmayan yağışqəbuledici quyusuna düşüb. Nəticədə onun sağ baldır sümükləri sınıb və sağlamlığına az ağır zərər dəyib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işi başlanıb. Həmin maddə vəzifəli şəxsin xidməti vəzifələrinə laqeyd yanaşması və ya onları lazımi qaydada yerinə yetirməməsi nəticəsində mühüm zərərin yaranmasına görə məsuliyyəti nəzərdə tutur. İş üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin vəzifəli şəxslərindən biri cinayət məsuliyyətinə cəlb edilib. Onun kimliyi barədə məlumat dəqiqləşdirilməyib.

İşə əvvəlcə Xətai Rayon Məhkəməsində baxılıb və təqsirləndirilən şəxsə bəraət verilib. Bununla razılaşmayan dövlət ittihamçısı hökmdən apellyasiya protesti verərək qərarın ləğvini və vəzifəli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

Protestdə zərərçəkmişin və şahidlərin ifadələrinə, eləcə də ekspert rəylərinə istinad olunub. Bildirilib ki, hadisənin baş verməsinə yağışqəbuledici quyunun üzərində qoruyucu barmaqlığın olmaması səbəb olub.

Məhkəmə-tikinti ekspertizasının rəyində də quyunun müvafiq qoruyucu konstruksiya ilə təchiz edilməməsi hadisənin texniki səbəbi kimi göstərilib. Ekspertlər təhlükəsizlik tələblərinin pozulmasına görə məsul şəxslərin istintaq yolu ilə müəyyənləşdirilməsinin vacibliyini qeyd ediblər.

Bakı Apellyasiya Məhkəməsi işə yenidən baxaraq birinci instansiyanın bəraət hökmünü ləğv edib. Nəticədə AAYDA-nın vəzifəli şəxsi Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və 2 min manat cərimə olunub.

Hadisə şəhər küçələrində açıq qalan kanalizasiya və yağışqəbuledici quyuların yaratdığı təhlükəsizlik problemini bir daha gündəmə gətirir.