Bakının Xəzər rayonunda yerləşən Buzovna qəsəbəsində yaşayış binasında yanğın baş verib. Hadisə Mustafa Sübhi küçəsində qeydə alınıb.
Editoraz-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Yanğın dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilin mətbəxində başlayıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun digər sahələrə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxindəki yanar konstruksiyalara 9 kvadratmetr sahədə ziyan dəyib.
Yanğınsöndürənlərin səyi nəticəsində mənzilin böyük hissəsini və binadakı digər mənzilləri alovdan qorumaq mümkün olub. Təhlükəsizlik məqsədilə binanın sakinləri təxliyə edilib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması və yanğının başvermə səbəbi barədə məlumat verilməyib.

