Filippin yaxınlığında baş vermiş güclü zəlzələdən sonra Yaponiyanın bir sıra bölgələrində sunami təhlükəsi elan edilib və 181 min nəfərin təxliyəsi barədə göstəriş verilib.
Editor.az. xəbər verir ki, Yaponiyanın NHK televiziya kanalının məlumatına görə, ölkənin Daxili İşlər və Kommunikasiya Nazirliyinə tabe olan yanğınsöndürmə xidməti altı prefekturada yaşayan sakinlər üçün təxliyə qərarının qüvvəyə mindiyini açıqlayıb.
Təxliyə göstərişi Okinava, Koçi, İbaraki, Mie, Kaqoşima və Miyazaki prefekturalarını əhatə edir. Səlahiyyətli qurumlar sahilyanı ərazilərdə yaşayan və ya həmin ərazilərdə olan şəxslərə dərhal təhlükəsiz yerlərə çəkilməyi tövsiyə ediblər.
Məlumata görə, Filippində qeydə alınan zəlzələdən sonra Yaponiyanın geniş ərazisi üzrə sunami xəbərdarlığı elan olunub. Mütəxəssislər bildirirlər ki, mümkün sunami dalğaları Tokio yaxınlığındakı Çiba prefekturasının cənub hissələrindən başlayaraq geniş sahəni əhatə edə bilər.
Yaponiya hakimiyyəti vəziyyəti nəzarətdə saxladığını bildirir və vətəndaşları rəsmi qurumların xəbərdarlıqlarına ciddi əməl etməyə çağırır.
//Gülnarə Abasova, Editor.az


