Aydın Quliyev: “Ermənistan Konstitusiyanı dəyişməsə, Azərbaycan sülh prosesini dondura bilər”backend

Aydın Quliyev: “Ermənistan Konstitusiyanı dəyişməsə, Azərbaycan sülh prosesini dondura bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sülh gündəminə dair verdiyi mesajlarla praktik addımları arasında müşahidə olunan ziddiyyətlər rəsmi Bakının diqqətlə izlədiyi əsas məsələlərdəndir. Xüsusilə Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların saxlanılması və bu istiqamətdə real siyasi iradənin nümayiş etdirilməməsi sülh prosesinin perspektivlərinə ciddi təsir göstərir. Mövcud şəraitdə Azərbaycanın mümkün addımları və İrəvanın daxili siyasi reallıqları prosesin gələcək inkişafını müəyyənləşdirəcək əsas amillər kimi qiymətləndirilir.

Politoloq Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan sülh sazişinin imzalanması üçün Konstitusiyanın dəyişdirilməsi məsələsində ləng hərəkət edir. Onun sözlərinə görə, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən müddəaların əsas qanundan çıxarılması istiqamətində rəsmi İrəvanın ciddi siyasi iradə nümayiş etdirdiyi müşahidə olunmur:

 

“Üstəlik, Nikol Paşinyan parlament seçkilərində qələbə qazansa da, Konstitusiyaya dəyişiklik etmək üçün zəruri olan konstitusion çoxluğu əldə edə bilməyib. Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməlidir və referendumun təyin olunması barədə qərarı parlament qəbul etməlidir. Lakin Paşinyanın partiyası parlamentdə belə bir qərarın qəbul olunması üçün kifayət qədər səsə malik deyil. Bu səbəbdən parlamentin referendum qərarı qəbul etməsi real görünmür. Belə bir qərarın qəbul edilməsi yalnız müxalifətdə təmsil olunan Robert Köçəryan və Samvel Karapetyanın siyasi qüvvələrinin dəstək verməsi halında mümkündür. Məlumdur ki, həmin siyasi qüvvələr Kremlin təsiri altında fəaliyyət göstərirlər və Moskva da hazırkı mərhələdə Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasında maraqlı deyil. Bu baxımdan, parlament vasitəsilə referendum qərarının qəbul edilməsi ehtimalı olduqca aşağıdır.

Belə vəziyyətdə Paşinyan dolayısı yolla hərəkət etməyə məcbur qalır. Ermənistanın seçki qanunvericiliyinə edilən dəyişikliklərə əsasən, 300 min seçicinin imzası toplandığı halda referendumun keçirilməsi təşəbbüsü irəli sürülə bilər. Deməli, Konstitusiyanın dəyişdirilməsi üçün əvvəlcə 300 min seçicinin imzası toplanmalı, daha sonra referendum keçirilməli və yalnız bundan sonra Azərbaycanın etiraz etdiyi müddəa Konstitusiyadan çıxarılmalıdır.

Bu isə göstərir ki, qarşıda uzun və mürəkkəb hüquqi prosedur dayanır. Proses həm qanunvericilik baxımından vaxt aparandır, həm də Paşinyanın Konstitusiyanı dəyişməkdə kifayət qədər maraqlı görünmədiyini nəzərə alsaq, yaxın perspektivdə sülh sazişinin imzalanacağı inandırıcı görünmür.

Əgər Ermənistan Konstitusiyanı dəyişməsə və sülh sazişini imzalamasa, Azərbaycan onu buna hərbi yolla məcbur etmək niyyətində deyil. Azərbaycan hərbi gücdən yalnız öz torpaqlarını işğaldan azad etmək məqsədilə istifadə edib. Ermənistanı sülh sazişini imzalamağa məcbur etmək üçün isə hərbi təzyiqə ehtiyac yoxdur.

Belə olan halda Azərbaycan istər-istəməz gözləmə mövqeyini davam etdirəcək, eyni zamanda indiyədək formalaşmış və daha çox Ermənistanın maraqlarına xidmət edən əməkdaşlıq istiqamətlərini dayandıra bilər. Azərbaycanın ərazisindən Ermənistana yanacaq, ərzaq, buğda və digər məhsulların daşınması məhdudlaşdırıla, siyasi dialoq dayandırıla, eləcə də sərhədlərin delimitasiyası prosesi dondurula bilər.

Əgər Ermənistan sülh sazişini imzalamaqdan imtina edərsə, bu, iki ölkə arasında faktiki münaqişə vəziyyətinin davam etməsi demək olacaq. Belə şəraitdə Azərbaycan diplomatik təmasları minimuma endirə və Ermənistanın regional blokadadan çıxmasına xidmət edən təşəbbüslərə dəstəyini dayandıra bilər. Bütün bunlar rəsmi İrəvan üçün ciddi siyasi və iqtisadi təsir vasitələrinə çevrilə bilər”.

//Gülnarə Abasova, Editor.az