Alimlər müəyyən ediblər: İnsanlar riyazi düşüncənin neyron əsasları ilə doğulurbackend

Alimlər müəyyən ediblər: İnsanlar riyazi düşüncənin neyron əsasları ilə doğulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Trento Universitetinin alimləri yeni doğulmuş körpələrin riyazi qavrayışın neyron əsaslarına malik olduqlarını müəyyən ediblər. Araşdırma göstərib ki, körpələr həyatlarının ilk saatlarından etibarən obyektlərin sayını fərqləndirmək qabiliyyətinə sahibdirlər.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri bioRxiv preprint platformasında dərc olunub.

Araşdırma həyatının ilk günlərini yaşayan 21 yeni doğulmuş körpənin iştirakı ilə aparılıb. Tədqiqat zamanı alimlər elektroensefaloqrafiya (EEQ) vasitəsilə körpələrin beyin aktivliyini qeydə alıblar. Eksperiment çərçivəsində körpələr eyni vaxtda dörd və ya on iki hecadan ibarət səs qruplarını dinləyib, paralel olaraq isə üzərində dörd və ya on iki nöqtə təsvir olunan şəkillərə baxıblar.

Məlum olub ki, eşidilən hecaların sayı ilə görüntüdəki nöqtələrin sayı üst-üstə düşdükdə beynin gicgah-təpə nahiyəsində aktivlik azalır. Alimlərin sözlərinə görə, bu, böyüklərin beynində də müşahidə olunan “təkrarlanmanın zəifləməsi” effekti ilə izah edilir. Yəni beyin tanış məlumatın emalı üçün daha az enerji sərf edir. Əksinə, hecaların və nöqtələrin sayı uyğun gəlmədikdə neyron aktivliyi artır ki, bu da beynin kəmiyyət fərqini müəyyən edə bildiyini göstərir.

Tədqiqat müəllifləri bildirirlər ki, əldə olunan nəticələr insanlarda anadangəlmə “say hissi”nin neyron mexanizminə dair ilk birbaşa sübut hesab oluna bilər. Araşdırma göstərir ki, kəmiyyəti qiymətləndirmək bacarığı dil və ya təhsil prosesindən asılı deyil və insan doğulduğu andan etibarən mövcuddur.

Alimlərin fikrincə, bu xüsusiyyət təkamül baxımından mühüm üstünlük verə bilərdi. Çünki o, ətraf mühitdəki potensial təhlükələrin və ya qida mənbələrinin sayını sürətlə qiymətləndirməyə imkan yaradır. Əvvəlki tədqiqatlar da erkən yaşlarda formalaşan “say hissi”nin gələcək riyazi bacarıqlarla sıx əlaqəli olduğunu göstərib.

Tədqiqatçılar hesab edirlər ki, yeni doğulmuşlarda kəmiyyət qavrayışının neyron mexanizmlərinin öyrənilməsi gələcəkdə diskalkuliya – riyaziyyatı mənimsəməyi çətinləşdirən inkişaf pozuntusunun erkən biomarkerlərinin müəyyən edilməsinə kömək edə bilər.

Bununla yanaşı, alimlər vurğulayırlar ki, tədqiqat hazırda yalnız preprint kimi yayımlandığından hələ müstəqil elmi ekspertiza (peer review) mərhələsindən keçməyib.

//Gülnarə Abasova, Editor.az