ABŞ Prezidenti Donald Tramp İspaniya ilə bütün ticarət əlaqələrinin dayandırılması barədə göstəriş verdiyini açıqlayıb.
Editor.az xəbər verir ki, Tramp bu qərarını İspaniyanın NATO daxilindəki mövqeyi ilə əlaqələndirib və Madridi “pis tərəfdaş” adlandırıb.
Tramp bu bəyanatı NATO-nun Ankarada keçiriləcək sammiti ərəfəsində alyansın baş katibi Mark Rutte ilə birgə çıxışı zamanı səsləndirib. ABŞ lideri bildirib ki, o, maliyyə naziri Skott Bessentə İspaniya ilə ticarətin tam dayandırılması üçün göstəriş verib.
Məlumata görə, Vaşinqton və Madrid arasında gərginlik son aylarda daha da artıb. Buna səbəb İspaniyanın ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda ABŞ-ın Rota və Moron hərbi bazalarından istifadəsinə məhdudiyyət qoyması, eləcə də müdafiə xərcləri ilə bağlı NATO daxilində fikir ayrılıqları olub.
İspaniya hökuməti daha əvvəl ABŞ-ın birgə istifadə olunan hərbi bazalardan İrana qarşı əməliyyatlar üçün istifadə etməsinə icazə verməyəcəyini bəyan etmişdi. Baş nazir Pedro Sançes administrasiyası bu mövqeyini beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əsaslandırmışdı.
Analitiklər qeyd edirlər ki, ABŞ-ın yalnız İspaniyaya qarşı ayrıca ticarət məhdudiyyətləri tətbiq etməsi hüquqi və praktiki baxımdan çətin ola bilər. Çünki İspaniya Avropa İttifaqının vahid ticarət siyasətinin tərkib hissəsidir və Aİ daxilində malların sərbəst hərəkəti mövcuddur.
Qeyd edək ki, Tramp mart ayında da İspaniyanın ABŞ-ın İranla bağlı siyasətini dəstəkləməməsinə görə bu ölkə ilə ticarətin dayandırılması ilə hədələmişdi. Yeni bəyanat isə Vaşinqton və Madrid arasında diplomatik gərginliyin daha da dərinləşdiyini göstərir.
//Gülnarə Abasova, Editor.az

