Cənubi Qafqazda yeni nəqliyyat marşrutları ətrafında geosiyasi müzakirələr davam etdiyi bir vaxtda, İran İslam Respublikası TRIPP layihəsi (Zəngəzur dəhlizi) ilə bağlı sərt mövqeyini yenidən nümayiş etdirir. Rəsmi Tehranın son açıqlamaları və İran Prezidenti Məsud Pezeşkianın Ermənistanın Baş naziri Nikol Paşinyana verdiyi mesaj bölgədə xarici aktorların roluna dair narahatlıqların hələ də qüvvədə olduğunu göstərir. Ekspertlərin fikrincə, bəyanatlar formal olaraq Ermənistana ünvanlansa da, əsas mesaj Azərbaycanın da daxil olduğu yeni regional nəqliyyat və geosiyasi düzənlə bağlıdır. Politoloq Züriyə Qarayeva Editor.az-a açıqlamasında Tehranın bu siyasətinin arxasında dayanan əsas məqsədləri şərh edib.
Politoloq Züriyə Qarayeva Editor.az-a açıqlamasında bildirib ki, İranın TRIPP layihəsi və ümumilikdə Zəngəzur istiqamətində sərt ritorikasının əsas səbəbi təhlükəsizlik və geosiyasi maraqları ilə bağlıdır:
“Tehran hesab edir ki, regionda yeni nəqliyyat marşrutlarının onun iradəsindən kənar formalaşması, xüsusilə də bölgədənkənar güclərin iştirakı ilə həyata keçirilməsi İranın Cənubi Qafqazdakı təsir imkanlarını zəiflədə və Ermənistanla quru əlaqəsinin strateji əhəmiyyətini azalda bilər. Bu səbəbdən İran rəsmi bəyanatlarında “regional məsələlər region ölkələri tərəfindən həll olunmalıdır” tezisini ön plana çıxararaq xarici aktorların roluna etiraz edir.
Bununla yanaşı, Tehran balans siyasətini qorumağa çalışır və həm Azərbaycan, həm də Ermənistanla münasibətləri tamamilə gərginləşdirmək niyyətində deyil. Buna görə də bəyanatlar formal olaraq hər iki ölkəyə ünvanlansa da, əsl məqsəd regionda formalaşacaq yeni geosiyasi və nəqliyyat arxitekturasına təsir göstərmək, öz maraqlarının nəzərə alınmasını təmin etməkdir. İran gələcək regional layihələrdə kənarda qalmamaq, Şimal-Cənub nəqliyyat dəhlizi kimi alternativ marşrutların əhəmiyyətini qorumaq və Cənubi Qafqazda strateji oyunçu statusunu saxlamaq istəyir”.
//Gülnarə Abasova, Editor.az

