Araşdırma: Zəfəran ekstraktı 50 yaşdan yuxarı qadınlarda yuxu və əhval-ruhiyyəni yaxşılaşdırırbackend

Araşdırma: Zəfəran ekstraktı 50 yaşdan yuxarı qadınlarda yuxu və əhval-ruhiyyəni yaxşılaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni elmi araşdırma göstərib ki, zəfəran ekstraktı 50 yaşdan yuxarı qadınlarda yuxu keyfiyyətinin və psixoloji vəziyyətin yaxşılaşmasına müsbət təsir göstərə bilər.

Editor.az xəbər verir ki, bu barədə nəticələr “Frontiers in Nutrition” jurnalında dərc olunan tədqiqatda öz əksini tapıb.

Araşdırmada əhval-ruhiyyə pozuntuları və yuxu problemlərindən şikayət edən 50-70 yaş aralığında 86 qadın iştirak edib. İştirakçılar təsadüfi qaydada iki qrupa bölünüb. Bir qrupa gündəlik 28 milliqram zəfəran ekstraktı verilib, digər qrup isə plasebo qəbul edib. Tədqiqat 12 həftə davam edib və ikiqat kor metodologiya əsasında aparılıb. Bu üsul çərçivəsində nə iştirakçılar, nə də tədqiqatçılar kimin aktiv əlavəni qəbul etdiyini bilməyiblər.

Nəticələr göstərib ki, zəfəran ekstraktı qəbul edən qadınlarda depressiv simptomlar plasebo qrupundakı iştirakçılarla müqayisədə daha əhəmiyyətli dərəcədə azalıb. Klinik baxımdan nəzərəçarpacaq əhval-ruhiyyə yaxşılaşması zəfəran qəbul edənlərin təxminən yarısında müşahidə olunub. Plasebo qrupunda isə bu göstərici dörddəbir səviyyəsində qeydə alınıb.

Bununla yanaşı, zəfəran əlavəsinin özünəinamı artırdığı və yuxu problemlərinin gündəlik həyata mənfi təsirini azaltdığı müəyyən edilib. Lakin tədqiqatçılar xarici görünüş və ya dəri vəziyyəti ilə bağlı özünüqiymətləndirmədə əhəmiyyətli dəyişiklik aşkarlamayıblar.

Araşdırma müddətində ciddi yan təsirlər qeydə alınmayıb ki, bu da zəfəran ekstraktının yaxşı tolere olunduğunu göstərir.

Alimlərin fikrincə, zəfəranın faydalı təsiri onun tərkibində olan krosin, krosetin və safranal kimi aktiv maddələrlə əlaqədardır. Bu komponentlər beyindəki neyrotransmitterlərin, xüsusilə əhval-ruhiyyə və yuxu-oyanıqlıq dövrünün tənzimlənməsində mühüm rol oynayan serotoninin fəaliyyətinə təsir göstərə bilər. Serotonin siqnallarının yaxşılaşması isə həm narahatlığın azalmasına, həm də daha rahat yuxuya şərait yarada bilər.

//Gülnarə Abasova, Editor.az