Aclığı təqlid edən xüsusi qidalanma rejimi xroniki diş əti xəstəliyi olan parodontitdən əziyyət çəkən insanlarda iltihab göstəricilərini əhəmiyyətli dərəcədə azalda bilər.
Editor.az xəbər verir ki, bu nəticə Journal of Clinical Periodontology jurnalında dərc olunan klinik araşdırmada öz əksini tapıb.
Tədqiqatı Böyük Britaniyanın Kral Kolleci Londonun alimləri aparıblar. Araşdırmada parodontit diaqnozu qoyulmuş 28 nəfər iştirak edib. Onlar iki qrupa bölünüb: bir qrup yalnız standart müalicə alıb, digər qrup isə müalicə ilə yanaşı, aclığı təqlid edən FMD (Fasting-Mimicking Diet) pəhrizinə əməl edib.
Bu pəhrizdə ilk iki gün gündəlik kalori qəbulu təxminən 1100 kilokaloriyə, növbəti üç gün isə 750 kilokaloriyə endirilir. Beşgünlük proqramdan sonra adi qidalanmaya qayıdılır. Araşdırma çərçivəsində bu dövr üç ay ərzində üç dəfə təkrarlanıb.
Altı aylıq müşahidələrin nəticələri göstərib ki, FMD pəhrizinə əməl edən xəstələrdə həm qanda C-reaktiv zülal kimi sistem iltihab göstəriciləri, həm də diş əti toxumalarındakı iltihab əlamətləri nəzərəçarpacaq dərəcədə azalıb. Alimlər bunu oksidləşdirici stresin azalması və immun hüceyrələrinin iltihab əleyhinə fəaliyyətə keçməsi ilə izah edirlər.
Bununla yanaşı, tədqiqat göstərib ki, pəhriz diş ətinin sağalma sürətini artırmasa da, orqanizmdə ümumi iltihab yükünü azaldır. Mütəxəssislərin fikrincə, bu, ürək-damar və nevroloji xəstəliklər riskinin aşağı salınmasına müsbət təsir göstərə bilər.
//Gülnarə Abasova, Editor.az

