İranın xarici işlər naziri Abbas Arakçı bəyan edib ki, ABŞ təhdid siyasətini davam etdirəcəyi təqdirdə Tehran və Vaşinqton arasında yekun saziş üzrə danışıqlara start verilməyəcək.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Arakçı sosial media hesabında paylaşdığı açıqlamada bildirib: “Yekun sazişə dair danışıqlar təhdidlər davam edərsə başlamayacaq. Atdığınız imzaya sadiq qalın”. O, bununla ötən ay İran və ABŞ arasında əldə olunan ilkin razılaşmanın şərtlərinə əməl edilməsinin vacibliyini vurğulayıb.
İranlı nazir əlavə edib ki, milyonlarla iranlı Ali Rəhbər Ayətullah Əli Xameneiyə və onun irsinə dəstək nümayiş etdirir. Arakçının sözlərinə görə, nə İran xalqı, nə də ölkənin silahlı qüvvələri heç bir təhdid qarşısında geri çəkilməyəcək.
Bu bəyanat ABŞ Prezidenti Donald Trampın tərəflər razılığa gələ bilməyəcəyi təqdirdə Vaşinqtonun “işi bitirəcəyi” ilə bağlı açıqlamasından sonra səsləndirilib. Xatırladaq ki, ötən ay imzalanan ilkin razılaşmada tərəflər bir-birinə qarşı güc tətbiqindən və ya güc tətbiqi hədəsindən çəkinmək öhdəliyi götürüblər.
//Gülnarə Abasova, Editor.az

