Sosial şəbəkədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin təyyarələnin köhnə model və narahat olması ilə bağlı narazılıq paylaşılıb.
NOCOMMENT.az xəbər verir ki, istifadəçilərdən biri AZAL barəsində belə yazır:
“Hava yolları üzrə yetəri qədər çox sayda şirkət mövcüddür, əgər biz sizin şirkəti seçib, sizin xidmətlərdən yararlanmaq istəyir və ödənişi sizə ediriksə bu belə də olmalıdır. Əgər bu uçuş üzrə yetəri qədər sərnişininiz, ayıracaq nəqliyyatınız və s. yoxdursa, bununla bağlı sərnişinə məlumat verməyiniz zəruridir. Biz bileti AZAL-dan alıb hansısa köhnə model təyyarədə, silkələnə-silkələnə uçmağa məcbur deyilik. Nəzərə alsaq ki, bazarla müqayisədə sizin biletlərin qiymət fərqi nəzərəçarpacaq dərəcədə çoxdur, biz bu fərqi rahat uçuş edə bilmək üçün ödəyib məlumatsız şəkildə hansısa başqa hava yolları ilə uçmağımız düzgün deyil”.
Sözügedən paylaşıma cavab olaraq AZAL-dan bildirilib ki, artan sərnişin tələbatının qarşılanması və uçuş proqramının fasiləsiz icrasının təmin edilməsi məqsədilə Azərbaycan Hava Yolları tərəfindən bəzi reyslər yaş lizinq (wet lease) modeli əsasında istismar olunan hava gəmiləri ilə yerinə yetirilir:
“Bu, beynəlxalq mülki aviasiya praktikasında geniş tətbiq olunan əməliyyat modelidir. Həmin model çərçivəsində hava gəmisi ilə yanaşı, uçuş və texniki heyət də tərəfdaş aviaşirkət tərəfindən təmin olunur. Bu səbəbdən bəzi reyslər tərəfdaş aviaşirkətin uçuş heyəti tərəfindən icra edilə bilər.
İstifadə olunan bütün hava gəmiləri müvafiq beynəlxalq təhlükəsizlik standartlarına cavab verir və qüvvədə olan aviasiya tələblərinə uyğun olaraq istismar edilir”.

