Həkim xəbərdarlıq etdi: Yay aylarında bağırsaq infeksiyalarının müalicəsində ən böyük səhv nədir?backend

Həkim xəbərdarlıq etdi: Yay aylarında bağırsaq infeksiyalarının müalicəsində ən böyük səhv nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yay aylarında bağırsaq infeksiyalarına yoluxma riski artır. Mütəxəssislər bu cür hallarda özbaşına müalicədən çəkinməyi və xüsusilə antibiotiklərdən həkim məsləhəti olmadan istifadə etməməyi tövsiyə edirlər.

Yay mövsümündə ishal, qarın ağrısı, qusma və hərarət kimi əlamətlərlə müşayiət olunan bağırsaq pozğunluqları daha çox müşahidə edilir. Həkimlərin sözlərinə görə, belə simptomlar yarandıqda xəstəliyi ev şəraitində özbaşına müalicə etməyə çalışmaq əvəzinə tibbi yardım almaq lazımdır.

Editor.az xəbər verir ki, tibb elmləri namizədi, «LabQuest» şirkətinin laboratoriya təbabəti və istehsal üzrə direktoru Lyubov Stankeviç bildirib ki, xüsusilə hazır qidaların, o cümlədən kulinariya məhsullarından alınan salatların, ət yeməklərinin, içlikli un məmulatlarının, doğranmış məhsulların, hazır yeməklərin və isti havada çatdırılan qidaların istifadəsindən sonra yoluxma riski yüksələ bilər.

Mütəxəssis qeyd edib ki, qidanın təhlükəli olub-olmadığını yalnız görünüşünə və ya qoxusuna əsasən müəyyən etmək həmişə mümkün deyil. Saxlanma şəraiti pozulduqda məhsullarda insan sağlamlığı üçün təhlükəli bakteriyalar və toksinlər toplana bilər.

Həkimin sözlərinə görə, müxtəlif bağırsaq infeksiyaları çox vaxt oxşar simptomlarla başlayır. Ürəkbulanma, sulu nəcis, halsızlıq, qarında ağrı və spazmlar, eləcə də bədən hərarətinin yüksəlməsi əsas əlamətlər arasında yer alır. Bu simptomlara əsasən xəstəliyin səbəbini ev şəraitində dəqiq müəyyənləşdirmək isə demək olar ki, mümkün deyil.

Mütəxəssis xüsusilə antibiotiklərin və ishalı kəskin şəkildə dayandıran preparatların özbaşına qəbul edilməsinin təhlükəli olduğunu vurğulayıb. Antibiotiklər virus mənşəli infeksiyalara təsir göstərmir və yanlış istifadə edildikdə vəziyyəti daha da ağırlaşdıra bilər. İshalı dayandıran bəzi dərmanlar isə müəyyən infeksiyalar zamanı orqanizmin xəstəlik törədicilərindən və toksinlərdən təmizlənməsinə mane ola bilər.

Sorbanların yalnız vəziyyəti müvəqqəti yüngülləşdirə biləcəyi, lakin xəstəliyin əsas səbəbini aradan qaldırmadığı da qeyd olunur. Qusma və ishal zamanı orqanizmin itirdiyi mayenin bərpası vacibdir.

Əgər simptomlar 24 saatdan artıq davam edirsə, güclənirsə və ya qısa müddətli yaxşılaşmadan sonra yenidən qayıdırsa, həkimə müraciət etmək tövsiyə olunur.

Aşağıdakı hallarda isə tibbi yardıma təxirə salmadan müraciət etmək lazımdır:

  • təkrarlanan qusma;
  • tez-tez və sulu nəcis ifrazı;
  • yüksək hərarət;
  • üşütmə;
  • güclü halsızlıq;
  • ağızda quruluq;
  • sidiyə az çıxma;
  • nəcisdə qan və ya selik;
  • getdikcə artan qarın ağrısı.

Mütəxəssislər uşaqların, yaşlıların, hamilə qadınların və xroniki xəstəlikləri olan şəxslərin vəziyyətinə xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Bu qruplarda susuzlaşma və digər ağırlaşmaların yaranma riski daha yüksəkdir.

Həkimlər yay aylarında bağırsaq infeksiyalarından qorunmaq üçün şəxsi gigiyena qaydalarına əməl etməyi, əlləri, meyvə və tərəvəzləri yaxşı yumağı, həmçinin qidaların saxlanma şəraitinə diqqət yetirməyi məsləhət görürlər.

//Gülnarə Abasova, Editor.az