Azərbaycan Avropa İttifaqı üçün Mərkəzi Asiya ölkələrinə və Şərqə açılan qapıdırbackend

Azərbaycan Avropa İttifaqı üçün Mərkəzi Asiya ölkələrinə və Şərqə açılan qapıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Azərbaycan Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və bu kimi müxtəlif çərçivələrdə inkişaf etdirib. Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetləri sırasındadır. İllərdir bu əlaqələr siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edib. Bu münasibətlərin nəticəsini biz 44 günlük Vətən müharibəsindən sonra da gördük. Belə ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesinə Avropa İttifaqı da dəstək oldu. 2021-ci il 14 dekabr tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə bir neçə dəfə görüş keçirildi. Görüşlərin nəticəsi olaraq Avropa İttifaqı rəhbərinin səsləndirdiyi bəyanatda açıq şəkildə Rusiyada imzalanmış 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatları sadalanır, həmin sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulandı.

Azərbaycanla Avropa İttifaqı arasında ən böyük tərəfdaşlıq həm də enerji sahəsindədir. Belə ki, 18 iyul Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sektorunda strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənəddə tərəflərin razılığı ilə ifadə edilir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji münasibətləri və əməkdaşlığı enerji bazarlarının açıqlığına, rəqabətə davamlılığına, diversifikasiyasına və təhlükəsizliyinə töhfə verən əsas amildir.

Tərəflər, həmçinin, ratifikasiya etdikləri Paris Sazişinin qarşıya qoyduğu hədəfləri xatırladırlar və beləliklə, əlaqədar istixana qazları emissiyalarını azaltmaqla havanın temperaturunun 1,5 dərəcə selsi səviyyəsinə qədər artmasının məhdudlaşdırılması istiqamətində səylərini davam etdirmək niyyətindədirlər.

Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı artırması istiqamətində fikirlərini bizimlə bölüşən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, 18 iyulda  “Azərbaycan ilə Avropa İttifaqı arasında  imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” Avropa ittifaqı ilə  əməkdaşlıqın genişləndirilməsi istiqamətində hüquqi baza yaratmaqla digər sahələrdə də əməkdaşlığın genişləndirilməsinə yol açacaq:

” İmzalanmış Memorandum Azərbaycanla Avropa İttifaqı arasında münasibətləri möhkəmlətməklə əməkdaşlığa dair yeni ikitərəfli sazişin imzalanmasını sürətləndirəcək. Beləliklə, enerji sahəsində  Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumun  əsasən üç istiqamətdə əhəmiyyəti olacağını hesab edirəm. Birinci istiqamət  imzalanmış sənəd Avropa İttifaqına qaz ixracımızı artırmağa imkan verəcəkdir. Bununla əlaqədar Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı öhdəlik götürür və yaxın müddətdə bu həcim 20 milyard kubmetrə çatdırılacaq. Azərbaycanın böyük təbii qaz potensialı var. Tezliklə, yeni yataqların istismara verilməsi istiqamətində işlər görüləcək və Azərbaycan daha böyük həcimdə təbii qaz potensialı ilə Avropa İttifaqının bazarında möhkəmlənəcək. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində geniş rol almış   etibarlı tərəfdaşdır.İkinci istiqamət isə Azərbaycanın bərpaolunan enerji resurslarının Avropa İttifaqına nəql edilməsidir.  Avropa İttifaqı Azərbaycanın bərpaolunan enerji potensialını yüksək dəyərləndirir. Belə ki, işğaldan azad olunmuş ərazilərimizin bərpaolunan enerji potensialı 920 meqavat, Xəzər dənizin potensialı  isə 152 qeqavat dəyərləndirilir. Təbii ki, bu böyük yaşıl enerji potensialımız Avropa İttifaqı üçün vacibdir. Ona görə də imzalanmış memoranduma uyğun olaraq Azərbaycanın bərpaolunan enerji resurslarının istehsalına və ixracına investisiyalar yatırılacaq.  Bu baxımdan Avropa İttifaqının təmiz enerji ilə təmin edilməsində Azərbaycan etibarlı və vacib aktora çevriləcək”.

Millət vəkili onu da vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı üçün Mərkəzi Asiya ölkələrinə və Şərqə açılan qapısıdır:

” Azərbaycan şəbəkəsini təşkil edən  Bakı Ticarət Limanı, BTQ dəmir yolu, Cənub-Şimal, Qərb Şərq nəqliyyat dəhlizləri və açılışı reallaşmaq üzrə olan Zəngəzurdan keçəcək Orta Dəhliz Avropa İttifaqının Azərbaycan üzərindən imkanlarını genişləndirir.  Digər bir məsələ isə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli sazişin imzalanmasına hazırlıq işlərin görülməsidir. Bu gün XİN Ceyhun Bayramovun rəhbərliyi altında nümayəndə heyətimizin Brüsselə səfəri çərçivəsində  Avropa İttifaqı ilə imzalanacaq yeni sazişlə bağlı məsələlər müzakirə olunacaq. Beləliklə, həm enerji sahəsində “Strateji Əməkdaşlığa dair Anlaşma Memorandum” , həm də imzalanacaq yeni ikitərəfli saziş Avropa ittifaqı ilə Azərbaycan arasındakı əlaqələri yeni müstəviyə çıxaracaq”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.