Oktyabrın 17-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan–Avropa Neyroelmi Əməkdaşlıq Forumu” (Azerbaijan–Europe
Neuroscience Collaboration Forum) adlı beynəlxalq elmi simpozium keçirilib.
“Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyin və Avstriyadakı Azərbaycan Mədəniyyət
Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsi dəstəyi və digər tərəfdaş qurumların iştirakı ilə təşkil olunan forum
Azərbaycan və Avropanın müxtəlif ölkələrindən olan tanınmış nevroloqları,
psixiatrları, tibb sahəsində çalışan alim və tədqiqatçıları bir araya gətirib.
Editor.az xəbər verir ki, forumun əsas məqsədi nevrologiya və psixiatriya sahələrində aparılan elmi
tədqiqatların beynəlxalq səviyyədə inkişaf etdirilməsi, Azərbaycan və Avropa alimləri
arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması, birgə elmi layihələrin
həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi olub.
Tədbiri giriş nitqi ilə açan Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru
Leyla Qasımova iştirakçıları salamlayaraq belə bir mötəbər elmi toplantının
Mərkəzdə keçirilməsindən məmnunluğunu ifadə edib. L.Qasımova tibb və elm
sahəsinin onun üçün hər zaman xüsusi əhəmiyyət daşıdığını bildirib.
O, Mərkəzin ötən il də tibb mütəxəssislərinin görüşünə ev sahibliyi etdiyini qeyd
edərək, elm və mədəniyyət arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini
vurğulayıb. Çıxışında qədim Roma şairi Yuvenalın “Sağlam bədəndə sağlam ruh”
kəlamına istinad edən L.Qasımova həkimlərin insan sağlamlığının qorunmasına,
mədəniyyət və incəsənət xadimlərinin isə insanın mənəvi dünyasının
zənginləşdirilməsinə xidmət etdiklərini diqqətə çatdırıb. O, bu iki istiqamətin bir-biri ilə
sıx bağlı olduğunu bildirərək forumun yeni elmi təşəbbüslərə, konkret layihələrə və
davamlı tərəfdaşlıqlara töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.
Daha sonra forumun elmi rəhbərləri – Kopenhagen Universitetinin professoru,
miqren və başağrıları sahəsində beynəlxalq səviyyədə tanınmış mütəxəssis Məsud
Aşina və “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyin Sədri Arzu Rüstəmova çıxış
edərək tədbirin məqsədləri, beynəlxalq elmi əməkdaşlığın əhəmiyyəti və gələcək
birgə tədqiqatların perspektivləri barədə fikirlərini bölüşüblər.
Azərbaycanı təmsil edən tədqiqatçılar, o cümlədən İkram Rüstəmov, Nərmin
Quliyeva, Ceyhun Məmmədzadə, Rimma İbadova, Ülviyyə Quliyeva, Sərxan
Əmirquliyev, Səadət Bədəlova və Pərvin Allahyarova müvafiq istiqamətlər üzrə elmi
layihə və tədqiqatlarını təqdim ediblər.
Beynəlxalq elmi müzakirələrdə dünyanın bir çox ölkələrindən elm adamları iştirak
edib. Müzakirələrdə prof. Məsud Aşina (Danimarka), prof. Simona Sakko (İtaliya),
prof. Svetlana Qataullina (Fransa), prof. Raynhold Kerbl (Avstriya), prof. Olivye
Dülak (Fransa), prof. Nahit Motavalli (Türkiyə), prof. Andrea Quzzetta (İtaliya) və
dos. Pol Matusz (İsveçrə) iştirak edərək təqdim olunan tədqiqatlar ətrafında fikir
mübadiləsi aparıblar, elmi metodologiya və beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı tövsiyələrini bölüşüblər.


