Azərbaycan kinosundan böyük addım: “Tağıyev: Məktəb” “Oskar”a təqdim edildibackend

Azərbaycan kinosundan böyük addım: “Tağıyev: Məktəb” “Oskar”a təqdim edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan 99-cu “Oskar” mükafatlandırma mərasimində rejissor Zaur Qasımlının “Tağıyev: Məktəb” filmi ilə təmsil olunacaq. Ekran əsəri “Ən yaxşı beynəlxalq tammetrajlı film” nominasiyasında mükafat uğrunda mübarizə aparacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan filmlərinin “Oskar” mükafatına təqdim edilməsi üzrə komissiyanın sədri, rejissor Şamil Əliyev açıqlama verib.

“Tağıyev: Məktəb” filmi Azərbaycanın tanınmış sənayeçisi və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edir. Tarixi dramda Tağıyevin XX əsrin əvvəllərində müsəlman qızları üçün məktəb açılması istiqamətində göstərdiyi səylər və təhsilin inkişafına verdiyi töhfələr ön plana çəkilir.

Bu ekran əsəri Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən genişmiqyaslı kino layihəsinin davamıdır. Layihənin əvvəlki hissəsi olan “Tağıyev: Neft” filmi də ötən il Azərbaycanı “Oskar” mükafatı uğrunda mübarizədə təmsil edib.

Bu il “Ən yaxşı beynəlxalq tammetrajlı film” nominasiyası üzrə rəqabət xüsusilə yüksək olacaq. Amerika Kino Akademiyasına baxılması üçün müxtəlif ölkələrdən ümumilikdə 105 film təqdim edilib. Bu göstərici nominasiya tarixində rekord sayılır. Əvvəlki rekord 2020-ci ildə qeydə alınmışdı və həmin vaxt yarışa 93 film qatılmışdı.

İlkin səsvermənin dekabrın 7-dən 11-dək keçirilməsi nəzərdə tutulur. Qısa siyahıya daxil ediləcək 15 filmin adlarının isə dekabrın 15-də açıqlanacağı gözlənilir.

“Tağıyev: Məktəb” filminin beynəlxalq müsabiqədə iştirakı Azərbaycan tarixinin mühüm səhifələrinin dünya tamaşaçılarına çatdırılması baxımından əhəmiyyət daşıyır. Ekran əsəri ölkədə maarifçiliyin və xeyriyyəçilik ənənələrinin inkişafında xüsusi rolu olan Hacı Zeynalabdin Tağıyevin irsini beynəlxalq auditoriyaya təqdim edir.

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev” kinoepopeyası tamaşaçılar arasında da böyük maraq doğurub. Layihənin filmlərinə Azərbaycanın kinoteatrlarında indiyədək 200 mindən çox tamaşaçı baxıb.

Dörd hissədən ibarət layihəyə “Tağıyev: Neft”, “Tağıyev: Çar”, “Tağıyev: Sonа” və “Tağıyev: Məktəb” filmləri daxildir. Ekran əsərləri ölkənin aparıcı kinoteatrlarında maraqla qarşılanan yerli kino layihələri sırasında yer alır.