Tanınmış müğənni-meyxanaçı İlkin Çərkəzoğlu (Hüseynli) uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Sənətçinin vəfatı xəbəri onun yaradıcılığını izləyən pərəstişkarları arasında kədər doğurub.
Editor.az-ın Axar.az-a istinadən məlumatına görə, İlkin Çərkəzoğlu əvvəllər narkotik vasitələrin istifadəsini təbliğ edən musiqili videolar yayması ilə bağlı hüquq-mühafizə orqanlarının diqqətinə düşüb.
O, 2019-cu ilin aprelində bu cür videolara görə 15 sutkalıq inzibati həbs cəzası alıb. 2022-ci il avqustun 18-də isə sosial şəbəkələrdə narkotik vasitələrdən istifadəni təbliğ edən musiqili paylaşımlar yaydığına görə yenidən saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, həmin vaxt sənətçi səhvini etiraf edib və sözügedən videoları öz istəyi ilə sosial şəbəkələrdən silib. Barəsində inzibati tənbeh tədbiri görülüb, narkotik asılılığı nəzərə alınaraq məhkəmə qərarı ilə məcburi müalicəyə göndərilib.
YouTube-da yüz minlərlə izləyicisi var idi
İlkin Çərkəzoğlu sosial şəbəkələrdə geniş auditoriyaya malik sənətçilərdən biri olub. O, 2015-ci ildə açdığı YouTube kanalında yayımladığı videolarla böyük izləyici kütləsi toplayıb. Kanalın abunəçilərinin sayı 430 mini ötüb, bəzi videoları isə milyonlarla dəfə izlənilib.
Son aylarda onun YouTube kanalında paylaşım aktivliyi azalıb. Bu dövrdə sənətçi TikTok hesabında daha çox şəxsi həyatı ilə bağlı görüntülər yayımlayıb.
Son paylaşımında sağalacağına ümid etmişdi
İlkin Çərkəzoğlu ötən ilki paylaşımlarından birində vaxtilə maddi imkanlarının geniş olduğunu, sonradan isə avtomobillərini satdığını bildirmişdi.
O, bu ilin aprelində xəstəxanada müalicə aldığı anları əks etdirən görüntülər də paylaşmışdı. Sənətçi həmin paylaşımında sağalacağına ümid etdiyini ifadə etmişdi.
Qeyd edək ki, İlkin Çərkəzoğlunun ölümünün dəqiq səbəbi ilə bağlı əlavə təfərrüatlar təqdim edilməyib.

