Bu gün gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu “Natra” və “Zirkon” yük gəmilərinə dron hücumları həyata keçirilib.
Editor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində ümumilikdə beş nəfər vətəndaşımızın həlak olduğu, üç nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.
Hazırda məsələ ilə bağlı XİN tərəfindən aidiyyəti dövlət qurumlarımız, ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Rusiyadakı səfirliyimizin bir neçə nəfər əməkdaşı hadisə yerinə yola düşüblər. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır.
“Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq”, – XİN-dən bildirilib.


