ABŞ Prezidenti Donald Tramp dünya liderləri ilə telefon danışıqları apararaq onları İranla qarşılıqlı əlaqələri dayandırmağa çağırır.
Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib. Onun sözlərinə görə, Tramp xarici ölkələrin liderlərinə birbaşa zəng edərək İranla hər hansı əməkdaşlığı dayandırmağı xahiş edir.
Bessent qeyd edib ki, ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələri, eləcə də hərbi rəsmilər dünyanın müxtəlif ölkələrindəki həmkarları ilə danışıqlar aparır.
Vaşinqton tərəfdaşlarına İrana qarşı hansı addımların atılmasını gözlədiyini və bunun üçün müəyyən edilmiş müddətləri çatdırır.
ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqtonun tələblərinə əməl edilmədiyi təqdirdə, İranla əlaqələri davam etdirən ölkə və qurumlara qarşı birtərəfli tədbirlər görülə bilər.
Tramp avqustun 20-də İranın iqtisadi təcridinə yönəlmiş yeni kampaniyanın başladığını açıqlamışdı. Vaşinqton bununla Tehranın beynəlxalq maliyyə və iqtisadi əlaqələrini məhdudlaşdırmağı hədəfləyir.
//Samir Qurbanov, Editor.az

