Bu görüntülər bu gün Ermənistanın paytaxtı İrəvan şəhərinin baş meydanında lentə alınıb.
Göründüyü kimi, meydanda böyük izdiham var. Bu seçkiqabağı təbliat kampaniyası çərçivəsində təşkil edilmiş mitinqdir. Bizdə belə mitinqlərə adətən “1 milyonluq mitinq” deyirlər – gerçək say 100 min civarında olsa da.
Meydana toplaşanlar hazırkı baş nazir Nikol Paşinyana və onun partiyasına dəstək verənlərdir.
Mitinq iştirakçılarının inzibati resurslar sayəsində çoxaldılması mümkün deyil. Ermənistanda büdcə təşkilatlarında işləyənlərin və onların ailə üzvlərini toplam sayı bu mitinqə çıxanların yarısı qədər də olmaz.
Bu adamlar meydana könüllü, öz iradələri ilə, şüurlu şəkildə toplaşıblar və konkret məqsədləri var. Onlar Paşinyanın Koçaryan-Sarkisyan-Karapetyan güruhuna uduzmasını istəmirlər.
Çünki Paşinyan onları Avropa ölkəsi edəcəyinə söz verib və sözünü tutmaq istiqamətində konkret və təsirli addımlar atır. Hər iki ermənidən birinin ülvi arzusu avropalı olmaq, bir gün Avropaya yerləşməkdir.
Koçaryangil isə erməniləri yenidən Rusiyanın təbəəsi edəcək. Bu görüntüləri görən Rusiya rəsmilərinin məyus olmaması mümkün deyil. Bu, Hayastanın əldən çıxması deməkdir.
Bundan başqa, bu qədər adamın Paşinyana dəstək verməsi göstərir ki, ermənilər daha müharibə istəmirlər, son 38 ildə qazandıqlarını və itirdiklərini ağır-yüngül edib bu qərara gəliblər ki, qonşularla permanent savaşlar onları yıpradır, zəiflədir.
İki gündən sonra Paşinyanın partiyasının seçki birincisi olduğu elan ediləndə heç kəs onun qələbəsini şübhə altına ala bilməyəcək. Bu görüntülər 7 iyun seçkisindəki qələbənin müjdəçisidir.


