Həkim yay mövsümünün ən faydalı tərəvəzlərini açıqlayıbbackend

Həkim yay mövsümünün ən faydalı tərəvəzlərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yay mövsümündə bazarlarda və mağazalarda bol miqdarda mövsümi tərəvəzlərin satışa çıxarılması insan orqanizminin vitamin, mineral və lif ehtiyacının qarşılanması üçün əlverişli imkan yaradır.

Editor.az xəbər verir ki, endikrinoloq və nutrisioloq Darya Haykinanın sözlərinə görə, yay aylarında qidalanmada xüsusilə pomidor, xiyar, bolqar bibəri, balqabaq və gənc yerkökünə üstünlük verilməsi sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Mütəxəssis bildirib ki, pomidor güclü antioksidant olan likopenlə zəngindir. Bu maddə hüceyrələri zədələnmədən qorumağa kömək edir. Bundan əlavə, pomidorun tərkibində C vitamini, kalium və yüksək miqdarda su mövcuddur. O, aşağı kalorili olmasına baxmayaraq toxluq hissi yaradır və demək olar ki, bütün qidalanma proqramlarına uyğun gəlir.

Həkimin sözlərinə görə, xiyar da yay mövsümünün ən faydalı tərəvəzlərindən biridir. İlk baxışda əsasən sudan ibarət olduğu üçün az faydalı hesab edilsə də, isti havalarda orqanizmin su balansının qorunmasına kömək edir. Eyni zamanda, az kalorili olduğu üçün iştah və bədən çəkisinin idarə olunmasına müsbət təsir göstərir.

Darya Haykina bolqar bibərinin C vitamini baxımından xüsusilə zəngin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bəzi bolqar bibəri növlərində C vitamininin miqdarı hətta sitrus meyvələrindən də çoxdur. Bibərin tərkibindəki karotinoidlər və antioksidantlar immun sistemini gücləndirir, dəri və qan damarlarının sağlamlığını dəstəkləyir.

Mütəxəssis balqabağın da lazımi qədər qiymətləndirilmədiyini bildirib. O qeyd edib ki, bu tərəvəz az kalorili, su və lif baxımından zəngindir, həzm sisteminin normal fəaliyyətinə kömək edir, uzun müddət toxluq hissi yaradır və asan həzm olunur.

Həkim gənc yerkökünün də yay mövsümündə xüsusi üstünlüklərə malik olduğunu bildirib. Onun sözlərinə görə, yay yerkökü daha şirin, şirəli və nazik qabıqlı olur. Ən vacib üstünlüyü isə tərkibində A vitamininin sələfi hesab edilən beta-karotinin yüksək miqdarda olmasıdır. Bu maddə görmə qabiliyyətinin, dərinin və immun sisteminin sağlamlığı üçün mühüm rol oynayır.

Sonda Darya Haykina vurğulayıb ki, ən faydalı yay tərəvəzləri mütləq ən bahalı və ya ən dəbdə olan məhsullar deyil. Onun fikrincə, pomidor, xiyar, bolqar bibəri, balqabaq və yerkökünü gündəlik qidalanmaya daxil etməklə orqanizm qısa müddətdə zəruri vitamin və minerallarla təmin olunur.

//Gülnarə Abasova, Editor.az