Altsheymer xəstəliyinin beyində necə yayıldığı ilk dəfə müəyyən edilibbackend

Altsheymer xəstəliyinin beyində necə yayıldığı ilk dəfə müəyyən edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər Altsheymer xəstəliyinin beyində yayılma mexanizmini ilk dəfə ətraflı şəkildə müəyyən ediblər. Araşdırma göstərib ki, normal şəraitdə neyronlar arasında əlaqəni təmin edən Arc adlı zülal, eyni zamanda zəhərli tau zülalını xəstə hüceyrələrdən sağlam hüceyrələrə daşıyaraq xəstəliyin yayılmasına səbəb olur.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu Cell elmi jurnalında dərc edilib.

ABŞ-ın Yuta Universitetinin professoru Ceyson Şepardın rəhbərlik etdiyi tədqiqat qrupu siçanlar üzərində apardıqları təcrübələr zamanı müəyyən edib ki, Arc zülalı patoloji tau zülalını kiçik membran qabarcıqlarına – hüceyrədənkənar vezikullara yerləşdirərək sağlam neyronlara ötürür. Burada həmin tau hissəcikləri normal tau zülalı ilə qarşılıqlı təsirə girərək yeni zəhərli yumaqların əmələ gəlməsinə səbəb olur.

Tədqiqatın ilk müəllifi Mitali Tyaqinin sözlərinə görə, tau yumaqları neyronların daxili nəqliyyat sistemini pozur. Daha sonra bu yumaqlar xırda hissəciklərə parçalanaraq qonşu hüceyrələrə keçir və sağlam tau zülallarını da zədələyərək xəstəlik prosesini yenidən başladır.

Araşdırma zamanı Arc zülalı xəstəlik modeli olan siçanlarda aradan qaldırıldıqda, tau zülalının sağlam hüceyrələrə ötürülməsi demək olar ki, tamamilə dayanıb. Bununla belə, alimlər bildirirlər ki, Arc zülalının tam bloklanması düzgün yanaşma deyil. Çünki normal şəraitdə bu zülal artıq tau zülalını hüceyrədən xaric etməklə neyronların daha uzun müddət yaşamasına kömək edir. Arc olmadıqda isə tau hüceyrə daxilində toplanır və neyronlar daha tez məhv olur.

Mütəxəssislərin fikrincə, gələcək müalicə strategiyası Arc zülalını bloklamağa deyil, tau zülalını daşıyan vezikulların sağlam neyronlara çatmasının qarşısını almağa yönəlməlidir. Alimlər Arc və tau tərkibli vezikulların insan beyni nümunələrində də aşkar edildiyini bildirirlər ki, bu da kəşfin klinik əhəmiyyətini artırır.

Professor Ceyson Şepard hesab edir ki, əgər bu vezikulları hədəf alan müalicə üsulu hazırlansa, xüsusilə Altsheymer xəstəliyinin erkən mərhələsində olan pasiyentlər üçün perspektivli terapiya ortaya çıxa bilər.

//Gülnarə Abasova, Editor.az