Geosiyasi risklərə baxmayaraq Zəngəzur dəhlizi açılacaqmı?-AÇIQLAMAbackend

Geosiyasi risklərə baxmayaraq Zəngəzur dəhlizi açılacaqmı?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlərdə regional və qlobal geosiyasi proseslər fonunda Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilsə də, layihə ətrafında formalaşan beynəlxalq maraqlar onun strateji əhəmiyyətini qoruyub saxladığını göstərir. Xüsusilə region ölkələrinin və aparıcı güclərin nəqliyyat-kommunikasiya xətlərinin inkişafına verdiyi önəm Zəngəzur dəhlizinin gündəmdə qalmasını şərtləndirən əsas amillərdən biri kimi qiymətləndirilir.

Politoloq Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, ABŞ və İran arasında mümkün hərbi qarşıdurma Zəngəzur dəhlizinin reallaşmasını dayandıracaq və ya uzunmüddətli şəkildə təxirə salacaq amil deyil:

“Zəngəzur dəhlizinin açılmasında Çin, Türkiyə, Azərbaycan və hətta Ermənistanın özü maraqlıdır. Söhbət regionun iqtisadi və nəqliyyat imkanlarını genişləndirən mühüm kommunikasiya layihəsindən gedir. Bu marşrutdan İran da fayda əldə edə bilər. Dəhliz regional gərginliyin deyil, təhlükəsizliyin, iqtisadi əməkdaşlığın və inteqrasiyanın güclənməsinə xidmət edir. Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin edən xətt deyil, eyni zamanda beynəlxalq əhəmiyyət daşıyan nəqliyyat marşrutudur.

Layihədə Avropa ölkələrinin, Böyük Britaniyanın, Çinin və Mərkəzi Asiya dövlətlərinin də maraqları mövcuddur. Hesab edirəm ki, Ermənistanın nəzarətində olan 42 kilometrlik hissənin də açılması mümkün olacaq. Hazırda TRIPP layihəsi müzakirə olunur. ABŞ və İran arasında fikir ayrılıqları mövcud olsa da, tərəflərin müəyyən mərhələdə razılığa gəlməsi istisna deyil. Bununla yanaşı, ABŞ və Ermənistan arasında da dəhlizlə bağlı müzakirələr aparılır və Amerika operatorlarının prosesdə iştirakı nəzərdə tutulur. Mövcud geosiyasi hadisələrin layihəyə müəyyən təsirləri olsa da, onların genişmiqyaslı nəticələr doğuracağını və dəhlizin həyata keçirilməsini təxirə salacağını düşünmürəm”.

//Gülnarə Abasova, Editor.az