Son illər rəqəmsal platformaların cəmiyyətin bütün təbəqələrinin gündəlik həyatına dərin şəkildə nüfuz etməsi sosial şəbəkələrdə davranış normaları, hüquqi məsuliyyət və istifadə mədəniyyəti ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Xüsusilə azyaşlıların internetdən istifadəsinə nəzarət, kiberməkanda etik davranış prinsiplərinin qorunması və söz azadlığı ilə hüquqi məsuliyyət arasında balansın təmin olunması həm dövlət, həm də cəmiyyət qarşısında mühüm çağırışlardan biri kimi qiymətləndirilir. Mövzu ilə bağlı fikirlərini Milli Məclisin deputatı Nəsib Məhəməliyev Editor.az-a açıqlamasında bölüşüb.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Editor.az-a açıqlamasında bildirib ki, dövlət səviyyəsində sosial şəbəkələrdə davranış qaydaları, hüquqi məsuliyyət və tənzimləmə mexanizmləri ilə bağlı müzakirələrin aparılması son dərəcə vacib olmaqla, zamanın tələbidir:
“Sosial şəbəkələrdə baş verənlər, xüsusilə yeniyetmələrin və azyaşlı uşaqların milli-mənəvi dəyərlərlə ziddiyyət təşkil edən davranışları gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, cəmiyyət üçün dürüst, yüksək əxlaqi keyfiyyətləri özündə əxz edən normal vətəndaş yetişdirilməsinin qarşısını alır. Belə davranışlar cəmiyyətin mənəvi deqradasiyasını sürətləndirir. Vaxtında qarşısı alınmasa, ciddi fəsadları ola bilər və cəmiyyət olaraq çoxsaylı xoşagəlməz problemlərlə üzləşə bilərik.
Aydındır ki, sosial şəbəkələrə nəzarət etmək asan məsələ deyil. Burada dövlət orqanları ilə bərabər, ictimaiyyətin hər bir nümayəndəsinin problemin mahiyyətinin ciddiliyini anlaması və iştirakı vacibdir. Dövlət qanunvericilik qaydasında müəyyən məhdudlaşdırıcı tədbirlər görə bilər. Ancaq valideynlər dövlətin qəbul etdiyi qanunlara və qərarlara riayət etmədiyi halda, müsbət nəticə almaq çətin olacaq. Hesab edirəm ki, hər bir valideynlə övlad arasında sosial şəbəkələrdən istifadə qaydaları müəyyənləşdirilməlidir. Uşağın yaşına uyğun konkret reqlament təsdiq olunmalı, zərərli sosial şəbəkələrə və saytlara girişləri bloklanmalı, hər bir uşaqla ciddi maarifləndirici işlər aparılmalıdır. Ata-oğul, ana-qız arasında milli dəyərlər çərçivəsində səmimi münasibətlər formalaşdırılmalıdır. Ən gözəl təsir vasitəsi şəxsi nümunə ola bilər.”
Millət vəkilinin sözlərinə görə, sosial şəbəkələrin həyatımızın bir hissəsinə çevrilməsi faktdır:
“İstəsək də, istəməsək də, qarşımıza əxlaqdan, tərbiyədən, mənəviyyatdan uzaq, abırsız və söyüş dolu çoxsaylı videolar çıxır. Bəzi hallarda xalq tərəfindən tanınmış ‘mədəniyyət adamlarının’, məşhurların biabırçı görüntülərinə rast gəlirik. Dəhşətə gəlirsən, bunlar harada doğulub, necə tərbiyə alıb, valideynləri hansı təfəkkürün sahibi olublar. Əfsuslar olsun ki, son dövrlərin trendlərindən biri də həyasız, abır-həya anlayışından və utanmaq hissindən məhrum övladların böyüdülməsidir. Bəzi valideynlər, hətta ‘ağsaqqallar’ fərqinə varmadan onların bütün hərəkətlərinə, hətta cinayətlərinə belə haqq qazandırmaqla məşğuldurlar. Anlamırlar ki, belə tərbiyənin sonu faciə ilə nəticələnə bilər.
Digər bir məsələ isə internet resurslarında saxta istifadəçi adları, profillər və hesablar yaratmaqla insanların təhqir olunması, söyülməsi, böhtan və şər kampaniyasına məruz qalması, şantaj edilməsidir. Bütün bunlar hüquqi məsuliyyət yaradır və düşünürəm ki, bu sahədə qanunvericiliyin sərtləşdirilməsi doğru addımdır. Cəmiyyətin mənəvi dayaqlarını sarsıdan hərəkətlərin qarşısının alınması söz və fikir azadlığının məhdudlaşdırılması kimi qəbul edilə bilməz. Hesab edirəm ki, sosial şəbəkələrin yaratdığı imkanlardan sui-istifadə hallarına yol verilməməlidir”.
//Gülnarə Abasova, Editor.az


