Ermənistanın xarici siyasətində Qərbə doğru kəskin dönüş etməsi Rəsmi Moskvada ciddi narahatlıq və təlaş yaradıb. Rusiya rəhbərliyi İrəvanın addımlarına qarşı təcili tədbirlərin görülməsinin vacibliyini bəyan edib.
NOCOMMENT.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın son siyasi həmlələri ilə bağlı olduqca kəskin və xəbərdarlıq xarakterli bəyanat səsləndirib. Nazir vurğulayıb ki, Ermənistanda artıq Avropa İttifaqına (Aİ) daxil olmaq haqqında qanun qəbul edilib və bu səbəbdən ölkənin Avrasiya İqtisadi İttifaqında (AVRƏSİT / EAEU) üzvlüyü məsələsi hazırda kəskin şəkildə gündəmdədir.
Lavrov mövcud vəziyyətin kritik olduğunu bildirərək, Moskva və müttəfiqlərinin “Ermənistan məsələsini operativ şəkildə həll etməli” olduğunu diqqətə çatdırıb. Rusiya XİN rəhbəri həmçinin rəsmi İrəvanın təkcə iqtisadi deyil, hərbi-siyasi sahədə də Rusiyadan uzaqlaşdığını, Ermənistan hakimiyyətinin NATO bloku ilə tərəfdaşlığı və əməkdaşlığı aktiv şəkildə genişləndirdiyini xüsusi qeyd edib.


