Azərbaycanda həkim resepti tələb olunan dərmanları sənədsiz şəkildə almaq istəyənlərə bu dərmanları təqdim edən apteklər inzibati məsuliyyət daşıya bilər. Qanunvericiliyə görə, reseptlə satılmalı olan dərmanların reseptsiz buraxılması qayda pozuntusu hesab olunur.
Editor.az-ın məlumatına görə, hüquqşünas Əkrəm Həsənov “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu cür hallarda məsuliyyət dərmanı reseptsiz satan aptekin üzərinə düşür.
Hüquqşünasın sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 452-ci maddəsinə əsasən, reseptlə verilməli olan dərman vasitələrinin həkim təyinatı olmadan satışına görə apteklər 150 manatdan 250 manatadək cərimələnə bilər.
“Dərman vasitələri haqqında” Qanun da resept əsasında buraxılmalı olan preparatların reseptsiz satışını qadağan edir. Bu səbəbdən apteklər dərmanları alıcılara təqdim edərkən onların satış qaydalarına əməl etməlidirlər.
Beləliklə, resept tələb olunan dərmanı həkim təyinatı olmadan satan aptek üçün cərimə riski yaranır. Məsuliyyət isə dərmanı alan şəxsdən deyil, qaydanı pozaraq satış həyata keçirən aptekdən tələb olunur.

