Sumqayıt Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə və əmisinin evindən qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən Allahverən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin qərarı ilə o, 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Editor.az-ın Oxu.Az-a istinadən məlumatına görə, cinayət işinin materiallarında ana ilə oğul arasında baş verən münaqişə və hadisədən əvvəlki hazırlıqla bağlı təfərrüatlar əksini tapıb.
Əslən Laçın rayonundan olan Allahverən Əhmədov Ağcabədi rayonunun Taktakörpü qəsəbəsində yaşayıb. İttihama əsasən, onun anası Afət Əhmədova həyat yoldaşından ayrıldıqdan sonra Bakıya köçüb. Allahverən dəfələrlə anasından geri qayıtmasını və atası ilə yenidən birgə yaşamasını istəyib. Anası bu təklifləri qəbul etməyib və sonradan oğlunun zənglərinə cavab verməyib.
İstintaq materiallarına görə, Allahverən Xocalıda işlədiyi vaxt lüləsi kəsilmiş ov tüfəngi əldə edərək onu gizli şəkildə Ağcabədiyə gətirib. Daha sonra əmisinin evinə qanunsuz daxil olaraq 5 min manatdan çox dəyəri olan qızıl-zinət əşyalarını oğurlayıb və satıb.
Bundan sonra silahı və əldə etdiyi pulu götürərək Bakıya gəlib. O, anası ilə əlaqə saxlayaraq onunla yaşamaq istədiyini bildirib. Oğlunun sözlərinə inanan Afət Əhmədova onu evinə dəvət edib.
Lakin ittihama görə, Allahverən anasının Abşeron rayonundakı evinə gəldikdən sonra silahı hazırlayaraq qonaq otağına keçib və anasına iki dəfə atəş açıb. Afət Əhmədova aldığı xəsarətlər nəticəsində həyatını itirib.
Hadisədən sonra qaçan Allahverən polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Ona qəsdən adam öldürmə, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq, xeyli miqdarda ziyan vurmaqla oğurluq və qanunsuz silah əldə edib saxlama maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmənin hökmü ilə Allahverən Əhmədov 13 il 6 ay həbs cəzasına məhkum edilib.

