Mediada dezinformasiya risklərini azaltmaq üçün yeni mexanizmlər hazırlanır…backend

Mediada dezinformasiya risklərini azaltmaq üçün yeni mexanizmlər hazırlanır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vasif Həsənli: “Şübhəsiz ki, sözügedən mexanizmin əsas məqsədi…”

Media və yayım sahəsində vahid dövlət qurumunun yaradılması təklif olunur. Söhbət Media və Yayım Şurasından gedir. Media sahəsində vahid qurumun fəaliyyət göstərməsi nəzərdə tutulur. Qanunvericiliyə edilən dəyişikliyə görə, bu qurumun yeni səlahiyyətləri olacaq. Bu səlahiyyətləri içində belə bir məsələ diqqətimizi cəlb etdi.

Bu dezinformasiyanın yayılması risklərinin azaldılması və nəticələrinin minimuma endirilməsi məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə operativ əlaqələndirmə mexanizmlərini qurmaq və fəaliyyətini təmin etməkdir.

Bu xüsusilə çox vacibdir. Bu mexanizm necə təsəvvür olunur?

“Demokrat.az” xəbər portalının direktoru, “Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri Vasif Həsənli baki-xeber.com-a bildirdi ki, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır. “Bununla bağlı məsələ “Media haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın vahid qurum altında birləşdirilərək Media və Yayım Şurasının yaradılmasını müsbət qiymətləndirirəm. Düşünərm ki, bu addım Azərbaycan mediasının inkişafında yeni müsbət mərhələnin başlanğıcı olacaq. Çap, onlayn media resursları və teleradio yayımçılarının fəaliyyətinin eyni platformada tənzimlənməsi müasir informasiya mühitinin reallıqlarından irəli gələn zərurətdir.

Bu gün media sahələri arasındakı sərhədlər sürətlə aradan qalxır. Artıq qəzetlər və xəbər saytları da telekanallar kimi videoməzmun istehsal edir. Hazırda televiziya kanalları rəqəmsal platformalarda fəaliyyət göstərir, sosial media isə informasiya dövriyyəsinin ayrılmaz hissəsinə çevrilib. Belə bir şəraitdə müxtəlif media resurslarının ayrı-ayrı qurumlar tərəfindən idarə olunması müəyyən koordinasiya problemləri yarada bilər”.

V.Həsənli hesab edir ki, bu baxımdan yeni qurumun yaradılması vahid media siyasətinin həyata keçirilməsinə, idarəetmədə çevikliyin artırılmasına və resurslardan daha səmərəli istifadəyə imkan verəcək.

“Dezinformasiya ilə bağlı risk yarandıqda və ya cəmiyyətdə yanlış məlumat sürətlə yayıldıqda, isə düşünürəm ki, Media və Yayım Şurası aidiyyəti dövlət qurumları ilə operativ əlaqəyə keçərək məlumatın doğruluğunu qısa müddətdə dəqiqləşdirir və ictimaiyyətə dəqiq mövqenin çatdırılmasını koordinasiya edə biləcək. Şübhəsiz ki, sözügedən mexanizmin əsas məqsədi senzura yaratmaq deyil, əksinə, dezinformasiya axının qarşısını almaq, etibarlı məlumatın daha sürətli yayılmasını təmin etmək və dezinformasiyanın cəmiyyətə, dövlətə və vətəndaşlara vurduğu zərəri minimuma endirməkdir. Əminəm ki, yeni yaradılacaq Media və Yayım Şurası bu işin öhdəsindən uğurla gələ biləcək”-deyə V.Həsənli qeyd etdi.