İtaliyada 12 günlük yenidoğulmuş körpənin bitki mənşəli çay qəbul etdikdən sonra ağır zəhərlənərək komaya düşməsi ciddi narahatlıq yaradıb. Həkimlər valideynlərə körpələrə həkim məsləhəti olmadan hər hansı bitki dəmləməsi və ya xalq təbabəti vasitəsi verməməyə çağırış ediblər.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, İtaliyanın Recco Emiliya şəhərində baş verib. Məlumata görə, 12 günlük körpə verbena bitkisi əsasında hazırlanmış bitki çayı qəbul etdikdən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Körpədə ciddi intoksikasiya inkişaf edib, nəticədə tənəffüs çatışmazlığı yaranıb və o, komaya düşüb.
Valideynlər uşağın halsızlaşdığını, ətraf mühitə zəif reaksiya verdiyini, qidalanmaqdan imtina etdiyini və sürətlə çəki itirdiyini müşahidə etdikdən sonra təcili tibbi yardıma müraciət ediblər.
Həkimlər vəziyyətin sürətlə ağırlaşması səbəbindən körpəni reanimasiya şöbəsinə yerləşdirərək intubasiya edib və süni tənəffüs aparatına qoşublar. İlkin müayinələrdə geniş yayılmış yenidoğulmuş xəstəlikləri istisna edilsə də, ailə ilə söhbət zamanı məlum olub ki, valideynlər uşağa mütəmadi olaraq sakitləşdirici məqsədlə qurudulmuş verbenadan hazırlanmış dəmləmə veriblər.
Sonradan aparılan toksikoloji analizlər körpənin orqanizmində bəzi bitkilərdə rast gəlinən və sinir sisteminə ciddi təsir göstərən tropan alkaloidlərini aşkarlayıb. Mütəxəssislərin sözlərinə görə, bu maddələr tənəffüs pozğunluqlarına, ağır hallarda isə komaya və hətta ölümə səbəb ola bilər.
İntensiv müalicədən sonra körpənin vəziyyəti tədricən stabilləşib və o, ciddi sağlamlıq fəsadları olmadan evə buraxılıb.
Neonatologiya şöbəsinin rəhbərliyi valideynlərə xəbərdarlıq edərək bildirib ki, “təbii mənşəli” olması hər hansı məhsulun təhlükəsiz olduğu anlamına gəlmir. Xüsusilə yenidoğulmuş uşaqlara həkim təyinatı olmadan bitki çayları, dəmləmələr və digər vasitələrin verilməsi onların həyatı üçün ciddi risk yarada bilər.
//Gülnarə Abasova, Editor.az


