Ermənistan hakimiyyəti konstitusiya referendumu ilə bağlı məsələdən sonra anklavlar məsələsini müzakirə edəcək.
Musavat.com-un məlumatına görə, belə bir iddia ilə Ermənistanın “Hraparak” qəzeti xəbər yayıb. Bildirilir ki, əsas diqqət sərhəddə yerləşən “Tiqranashen” – Sədərəyin işğal altındakı Kərki kəndindən söhbət gedir – kəndinə yönəlib. Nəşrin məlumatına görə, hakim partiya Azərbaycan rəhbərliyinin təşviqi ilə müzakirəni təxirə salmaq qərarına gəlib. İddia olunur ki, referendumdan əvvəl kəndin Azərbaycana qaytarılması “Vətəndaş Müqaviləsi” partiyasına ciddi nüfuz ziyanı vura və referendumun uğurunu təhlükə altına ata bilərdi.
Bununla belə, qəzet qeyd edir ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasının bəzi nümayəndələri Kərkinin hazırda “Azərbaycanın nəzarətində olan”, Gədəbəy tayonunun Başkənd kəndi – ermənilər “Artsvaşen” adlandırır – “anklav”ı ilə dəyişdirilməsində israr edirlər. Lakin Paşinyan buna qarşı çıxır və bildirir ki, o, “Ermənistanın suveren ərazisi olan” Başkəndi referendum olmadan təhvil verə bilməz.
Deputat Zaur Şükürov Musavat.com-a, ermənilərin iddiaları barədə açıqlamasında bunları bildirdi: “Məlum olduğu kimi, Prezident cənab İlham Əliyevin heyrətamiz sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı sayəsində 2020-ci il Vətən müharibəsi və 2023-cü il birgünlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunmasından sonra erməni işğalı altında qalmış Qazaxın sərhəd kəndləri və Naxçıvanın Kərki kəndinin azad olunması məsələsi də daim gündəlikdə durub. 2024-cü il aprelin 19-da Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın görüşündə Qazaxın 4 kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının geri qaytarılması barədə razılıq əldə edilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən olunub və 2024-cü il mayın 24-də isə 4 kənd rəsmən Azərbaycana geri qaytarıldıqdan sonra, həmin kəndlərin əraziləri Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Məhz prezidentimizin prinsipial mövqeyi nəticəsində, bir güllə atılmadan bu ərazilərimizin geri qaytarılması hədəflərimizə ardıcıl şəkildə nail olmağımızın nümayişidir”.

Deputat əlavə etdi ki, istər həmin kəndlərin geri qaytarılmasına qədər, istərsə də sonrakı dövrlərdə Ermənistan cəmiyyətində bu məsələ hakimiyyətlə müxalifət düşərgəsi arasında daim polemika mövzusu olaraq qalıb: “Hətta Paşinyan hökumətinin bəzi tənqidçiləri 2024-cü il razılaşmasının bu ilin iyununda keçirilmiş parlament seçkiləri zamanı iqtidarın mövqeyinə mənfi təsir göstərəcəyi barədə ehtimallar irəli sürürdülər. Reallıqda isə fərqli mənzərənin şahidi olduq- Azərbaycanın irəli sürdüyü sülh gündəliyi ilə seçkilərə gedən Paşinyan qalib gəldi. Yenə də qonşu ölkədə oxşar narrativləri müşahidə edirik. Belə ki, Azərbaycanla normallaşma prosesində əsas maneə olaraq qalan Ermənistan konstitusiyasının peambualsında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması üçün zəruri hesab edilən konstitusiya dəyişikliyi üçün referendum məsələsi gündəliyə gəldikdən sonra, müxalifət təmsilçiləri qalan kəndlərin də geri qaytarılması ilə əlaqədar tənqidi mövqe sərgiləyirlər. Belə ki, bu qüvvələr Ermənistanın strateji əhəmiyyətli daxili və beynəlxalq magistral yollarının Qazaxın və Naxçıvan Muxtar Respublikasının hələ qaytarılmamış Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərinin ərazisindən və ya yaxınlığından keçməsini əsas gətirərək, gələcəkdə bu yollarda hərəkətin Azərbaycanın nəzarətinə keçəcəyini iddia edirlər. Reallıq isə ondan ibarətdir ki, hazırda normallaşma prosesində mühüm irəliləyişlərin müşahidə edilməsi, masada paraflanmış sülh sazişinin mövcud olması, ticarət əlaqələrinin tədricən başlaması və iki ölkənin faktiki olaraq sülh şəraitində yaşamağa öyrənmsi fonunda, Ermənistan iqtidarının və ya müxalifət düşərgəsinin hansı fikirlər və ya iddialar irəli sürməsindən asılı olmayaraq, qeyd olunan kəndlərimizin də geri qaytarılması məsələsinin milli maraqlarımıza uyğun şəkildə həllini tapacağına şübhə etmirik”.
Deputat Zaur Şükürov xatırlatdı ki, hazırda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarının sülh prosesinə dəstək nümayiş etdirməsini, xüsusilə ABŞ və son vaxtlar Avropa İttifaqının bu prosesdə fəallığını nəzərə alsaq, qeyd etdiyimiz Ermənistan konstitusiya maneəsinin nəhayət, aradan qaldırılaraq, yekun sülh sazişinin imzalanacağına ümidlər artmaqdadır: “Prezident cənab İlham Əliyevin 11 avqusta Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində bir sıra vacib məsələlərlə yanaşı, regional və qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələri ilə bağlı fikirlər səsləndirdi. Prezidentimizin liderliyi ilə ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə gerçəkləşəcək bu layihələr heç şübhəsiz bölgəmizdə sülh, sabitlik və inkişafa mühüm töhfə verməklə yanaşı, iki ölkə arasında normallaşma prosesinə də müsbət təsir göstərəcək. Nəticədə, iki ölkə arasında hələ də müzkirə mövzusu olaraq qalan açıq məsələlər də həllini tapacaq”.

