Paşinyanın qələbəsi Azərbaycan-Ermənistan sülh prosesinə nə vəd edir?- seçki sonrası yeni reallıqbackend

Paşinyanın qələbəsi Azərbaycan-Ermənistan sülh prosesinə nə vəd edir?- seçki sonrası yeni reallıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda keçirilən seçkilərin nəticələri təkcə bu ölkənin daxili siyasi mənzərəsini deyil, həm də Cənubi Qafqazda formalaşan yeni geosiyasi balansı müəyyənləşdirən mühüm amillərdən biridir. Nikol Paşinyanın hakimiyyətini qoruması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh gündəliyinin davamı baxımından müəyyən imkanlar yaratsa da, İrəvanın Qərblə yaxınlaşması fonunda Moskvanın mövqeyi proseslərin gələcək istiqamətinə ciddi təsir göstərə bilər. Məhz bu baxımdan Rusiyanın seçki nəticələrinə reaksiyası və onun regiondakı maraqlarını hansı formada qorumağa çalışacağı xüsusi diqqət mərkəzindədir.

 

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın növbəti dəfə seçkilərdə qələbə qazanması Ermənistanda davam edən geosiyasi rəqabətin nəticələrini və xarici təsir mərkəzlərinin real güc nisbətini aydın şəkildə ortaya qoydu:

“Necə ki, Moldovada keçirilən seçkilərdə qərbyönümlü qüvvələr hakimiyyətlərini qoruya bildilər, Ermənistanda da oxşar mənzərə müşahidə olundu. Bu, regionda geosiyasi proseslər baxımından mühüm göstəricidir. Rusiya seçkilər öncəsi iki əsas məqsəd qarşıya qoymuşdu. Birinci və maksimal hədəf Paşinyanı hakimiyyətdən uzaqlaşdıraraq Moskvanın dəstəklədiyi qüvvələri yenidən iqtidara gətirmək idi. Bu baxımdan Robert Köçəryan və ya digər alternativ fiqurlar üzərində hesablamalar aparılırdı. İkinci məqsəd isə Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə parlamentdə Rusiyameyilli qüvvələrin təmsilçiliyini artırmaqdan ibarət idi.

Hesab edirəm ki, Moskva ikinci məqsədinə müəyyən qədər nail ola bildi. Belə ki, əvvəlki seçkilərlə müqayisədə Rusiyaya yaxın siyasi qüvvələrin parlamentdə çəkisi artıb. Bu amil gələcəkdə Paşinyanın həyata keçirmək istədiyi siyasi kursa təsir göstərmək və müəyyən əngəllər yaratmaq baxımından əhəmiyyətli faktor olacaq.

Paşinyanın hakimiyyətdə qalması isə bir neçə istiqamətdə mühüm əhəmiyyət daşıyır. İlk növbədə, Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinin davam etdirilməsi gözlənilir. Eyni zamanda, Türkiyə ilə münasibətlərin inkişafı, sərhədlərin açılması və regional kommunikasiyaların bərpası istiqamətində konkret addımların atılması ehtimalı artır. Burada söhbət həm Zəngəzur dəhlizi, həm də TRACECA çərçivəsində əməkdaşlıq imkanlarından gedir.

Paşinyan hələ ilin əvvəlində bəyan etmişdi ki, seçkilərdən sonra bu istiqamətdə daha konkret qərarlar qəbul ediləcək. ABŞ dövlət katibi Marko Rubionun bir müddət əvvəl Ermənistana səfəri zamanı aparılan müzakirələr də bu məsələlərin gündəmdə olduğunu göstərdi.

Şübhəsiz ki, Ermənistan üzərində Qərblə Rusiya arasında geosiyasi rəqabət bundan sonra da davam edəcək. Paşinyan Qərblə münasibətləri dərinləşdirməyə çalışacaq. Bununla yanaşı, o, kifayət qədər praqmatik siyasətçi olduğundan Rusiya ilə əlaqələrin kəskin şəkildə pozulmasına da yol verməyəcək. Hazırkı mərhələdə Ermənistanın buna nə siyasi, nə iqtisadi, nə də təhlükəsizlik baxımından ehtiyacı var. Ermənistan hələ də Rusiya ilə çoxsaylı əlaqələr vasitəsilə bağlıdır və Paşinyan bu münasibətləri tam qoparmaqdan daha çox, yeni formatda davam etdirməyə çalışacaq”.

Politoloq qeyd edib ki, Paşinyanın seçkilərdən sonra ilk xarici səfərini Moskvaya planlaşdırdığını və Vladimir Putinlə görüş niyyətini açıqlaması da təsadüfi deyil:

“Seçkilər ərəfəsində Rusiya tərəfindən Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün ciddi siyasi təzyiqlər göstərilsə də, mövcud nəticələrdən sonra Moskvanın onunla işləməyə davam edəcəyi daha real görünür. Əks halda, bu, Rusiya-Ermənistan münasibətlərində ciddi gərginliyə səbəb ola bilər ki, bu da Moskvanın maraqlarına uyğun deyil.

Azərbaycan isə Ermənistanda baş verən prosesləri diqqətlə izləyir. Ən vacib məqamlardan biri ondan ibarətdir ki, erməni cəmiyyətində revanşist qüvvələr müəyyən dəstəyə malik olsalar da, onlar hakimiyyət formalaşdıracaq mandat əldə edə bilmədilər. Bu, regionun gələcəyi baxımından müsbət siqnal hesab oluna bilər.

Ümid etmək olar ki, Paşinyanın özü tərəfindən də bəyan edildiyi kimi, yaxın perspektivdə Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçiriləcək və bu proses müsbət nəticələnəcək. Bu isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün hüquqi və siyasi zəmin yarada bilər.

Düşünürəm ki, yaxın dövrdə Rusiyanın təzyiq imkanları müəyyən qədər zəifləyəcək. Eyni zamanda, Paşinyan da bu təzyiqləri balanslaşdırmaq üçün müxtəlif siyasi mexanizmlər formalaşdırıb. Avropa İttifaqı və ABŞ-dan gələn dəstək, eləcə də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması onun siyasi mövqelərini gücləndirən əsas amillərdən biri olacaq”.

//Gülnarə Abasova, Editor.az