Özəl məhkəmə ekspertləri üçün yeni intizam qaydalarının tətbiqi təklif olunur.
Editor.az Milli.az-a istinadən xəbər verir ki, Azərbaycanda özəl məhkəmə ekspertlərinin fəaliyyəti ilə bağlı yeni intizam qaydalarının tətbiqi təklif olunur.
Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, özəl məhkəmə eksperti fəaliyyəti zamanı normativ hüquqi aktların tələblərini və ya icra intizamını pozarsa, onun barəsində intizam tənbehi tətbiq edilə biləcək.
İntizam icraatının Özəl Məhkəmə Ekspertləri Palatasının iştirakı ilə yaradılacaq İntizam Komissiyası tərəfindən aparılması nəzərdə tutulur. Ekspertə intizam tənbehinin verilməsi isə Komissiyanın rəyi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. Komissiyanın tərkibi, formalaşdırılması qaydası və əsasnaməsi də həmin orqan tərəfindən təsdiqlənəcək.
Özəl məhkəmə eksperti barəsində intizam icraatına müvafiq icra hakimiyyəti orqanının və ya Özəl Məhkəmə Ekspertlərinin Palatasının təqdimatı əsasında başlanılacaq. Təqdimatlara baxılması və icraatın aparılması qaydaları ayrıca müəyyən ediləcək.
Layihəyə görə, ekspertin intizam icraatı zamanı yazılı izahat, eləcə də tələb olunan məlumat və sənədləri təqdim etməkdən imtina etməsi ona intizam tənbehinin verilməsinə mane olmayacaq.
İntizam pozuntusunun ağırlığından asılı olaraq özəl məhkəmə ekspertinə aşağıdakı tənbehlərdən biri tətbiq edilə bilər:
– töhmət;
– 1 000 manatdan 2 000 manatadək cərimə;
– özəl məhkəmə eksperti şəhadətnaməsinin ləğvi.
Cərimə şəklində tətbiq olunan vəsait Özəl Məhkəmə Ekspertlərinin Palatasının bank hesabına köçürüləcək.
İntizam tənbehi pozuntu aşkar edildiyi gündən bir il, pozuntunun törədildiyi tarixdən isə iki il keçənədək tətbiq oluna bilər. Ekspertin məzuniyyətdə, ezamiyyətdə olduğu, müvəqqəti əmək qabiliyyətini itirdiyi, həmçinin barəsində yoxlama və ya cinayət işi üzrə istintaq aparıldığı müddətlər bu hesablamaya daxil edilməyəcək.
Töhmətin qüvvədə olma müddəti onun tətbiq edildiyi tarixdən etibarən bir il müəyyən edilir. İntizam tənbehi qərarla rəsmiləşdiriləcək və qərar üç iş günü ərzində ekspertə elan edilərək surəti ona təqdim olunacaq.
Özəl məhkəmə eksperti verilmiş qərardan həm inzibati qaydada, həm də məhkəmə yolu ilə şikayət edə biləcək. Bundan əlavə, intizam tənbehi tətbiq edilməzdən əvvəl ekspertə yazılı və ya şifahi xəbərdarlıq verilməsi də mümkün olacaq. Xəbərdarlıq isə intizam tənbehi hesab edilməyəcək.
Layihədə, həmçinin, reyestrə daxil edilməyən şəxslərin öz fəaliyyətində “məhkəmə eksperti” ifadəsindən, təşkilatların adında isə “məhkəmə ekspertizası” söz birləşməsindən istifadə etməsinə qadağa qoyulması nəzərdə tutulur. Bu tələbin pozulması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olacaq.

