İspaniyanın Baş naziri Pedro Sançes parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarına gəldiyini açıqlayıb.
Editor.az Globalinfo-ya istinadla xəbər verir ki, bu barədə “20 minutos” məlumat yayıb.
Siyasətçi keçirdiyi mətbuat konfransında bildirib ki, oktyabrın 5-də Nazirlər Şurasının növbədənkənar iclasını çağırmaq, parlamenti buraxmaq və ümumi seçkilər təyin etmək qərarına gəlib.
İspaniya qanunvericiliyinə əsasən, seçkilər 29 noyabr 2026-cı ildə keçiriləcək.
Baş nazirin sözlərinə görə, yeni islahatların həyata keçirilməsi üçün hökumətin əhalidən daha geniş dəstək alması və parlamentdə daha geniş proqressiv çoxluğun formalaşdırılması lazımdır.
Sançes etiraf edib ki, bir çox ispan hazırkı hakimiyyətdən narazıdır. Onun sözlərinə görə, hökumət bərabərsizliyin azaldılması, dövlət xidmətlərinin inkişafı və mənzilə çıxış imkanlarının təmin edilməsi də daxil olmaqla, qarşıya qoyduğu bütün vəzifələri həyata keçirə bilməyib.
Sançes bu açıqlamanı oktyabrın 2-də parlamentin aşağı palatasının mənzil sahəsində tədbirləri nəzərdə tutan iki dekret layihəsini rədd etməsindən sonra verib.
Qeyd edək ki, son günlər İspaniyada mənzil böhranı ilə bağlı kütləvi etirazlar da davam edir.
Oktyabrın 4-də Madriddə keçirilən aksiyaya təxminən 70 min nəfər qatılıb.

